Bakıda qarlı-şaxtalı havada yollara xidmət üçün 380-dan çox yol texnikası hazır vəziyyətə gətirilib

 Bakıda qarlı-şaxtalı havada yollara xidmət üçün 380-dan çox yol texnikası hazır vəziyyətə gətirilib
# 12 noyabr 2015 13:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də cari ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qurumun sədr əvəzi Saleh Məmmədov ötən illərdə olduğu kimi cari ilin 9 ayı ərzində də cəmiyyət tərəfindən Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi və yeni yolların salınması ilə bağlı layihələrin uğurla davam etdirildiyini qeyd edib.

Vurğulanıb ki, son illərdə yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Qeyd olunub ki, cari ilin 9 ay ərzində 289,3 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib.

Bu ilin 9 ayı ərzində 38 adda küçə və prospektdə 370,4 min kvadrat metr sahədə əsaslı təmir işləri aparılıb. Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 97,7 min kvadrat metr sahədə çala təmiri işləri yerinə yetirilib.

İclasda 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq məsələsinə də xüsusi diqqət ayrılıb. Bildirilib ki, cəmiyyətin Tədbirlər Planına uyğun olaraq bütün idarə və müəssisələrdə hazırlıq işləri başa çatmaq üzrədir.

Ümumilikdə payız-qış mövsümündə, xüsusi ilə qarlı-şaxtalı havalarda avtomobil yollarına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər (Bakı şəhərində 382 ədəd, respublika yollarına xidmət üçün 659 ədəd) yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib.

Bundan başqa tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR