Nuşirəvan Məhərrəmli: “Televiziyalar elə etməlidirlər ki, vətəndaşlar onlardan tərbiyəvi vərdişlər əldə etsin”

Nuşirəvan Məhərrəmli: “Televiziyalar elə etməlidirlər ki, vətəndaşlar onlardan tərbiyəvi vərdişlər əldə etsin”
# 02 may 2013 10:19 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Bəzən özəl telekanallarda reytinq dalınca qaçmaq xəstəliyi milli-mənəvi dəyərlər məsələsini arxa plana keçirir”.

APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli “Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda keçirilən tədbirdə çıxışında bildirib.

N. Məhərrəmlinin sözlərinə görə, onları narahat edən məsələlərdən biri də efirdə verilişlərin keyfiyyəti ilə bağlıdır: “Təbii ki, milli-mənəvi dəyərlər bütün verilişlərin əsas xətti olmalıdır. Bir tərəfdən biz onları qınamırıq, çünki özəl telekanallar yalnız reklam əsasında fəaliyyət göstərirlər və öz fəaliyyətlərini bundan asılı hesab edirlər. Ona görə də, hansı yolla olursa-olsun, pul qazanmağa çalışırlar. Digər bir tərəfdən isə, insanlar üçün əsas təsir etmə mexanizminə malik olan televiziyalar elə etməlidirlər ki, vətəndaşlarımız onlardan pis vərdişlər yox, tərbiyəvi vərdişlər əldə etsin. Ona görə də, biz bu sahədə işlərimizi gücləndirməyə çalışırıq. Amma biz bunu öz səlahiyyətlərimiz çərçivəsində edə, yalnız tövsiyələr verə bilərik”.

O, efir mədəniyyətinin də yaxşı vəziyyətdə olmadığını qeyd edib: “Təbii ki, biz demokratik ölkədə yaşayırıq. Bunların hamısını bir çərçivəyə salmaq fikrində deyilik. Bu məsələdə əsas iş televiziya kanallarının rəhbərlərinin üzərinə düşür. Onlar bu məsələdə ciddi düşünməli və televiziyaya hər adamı gətirib cıxarmamalıdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR