Manat-dollar tandemi: Rəqəmlər nə deyir? - TƏHLİL

Manat-dollar tandemi: Rəqəmlər nə deyir? - <span style="color: red;">TƏHLİL
# 10 aprel 2015 13:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu il Azərbaycanda manata nəzərən ABŞ dollarının məzənnəsi 34% möhkəmlənib.

APA-Economics”in hesablamalarına görə, əgər fevralın 16-na qədər 1 ABŞ dolları 0,7844 manat təşkil edirdisə, bu gün 1 ABŞ dolları 1,0520 manata yüksəlib.

“Qara şənbə”

Ümumiyyətlə, Azərbaycanda manata nəzərən dolların məzənnəsi bu il fevral ayının 16-dan möhkəmlənməyə başlayıb. Əgər bu vaxta qədər 1 dollar 0,7844 manat idisə, fevralın 16-dan dolların məzənnəsi 0,7848-ə yüksəlib. Fevralın ortasından etibarən dolların məzənnəsinin hər gün yüksəlməsi müşahidə olunub. Nəhayət, həmin həftə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilməsi ilə başa çatıb. Bu bir gün əvvəlki rəsmi məzənnəyə nisbətən manatın 33,5% ucuzlaşmasına gətirib çıxarıb. Ümumiyyətlə, həmin həftə 1 ABŞ dollarının 26 qəpik, başqa sözlə 33,8% bahalaşması ilə yadda qalıb. Sadə dillə desək, fevralın 16-da 100 dollar əldə etmək üçün 78 manat 48 qəpik tələb olunurdusa, 5 gün sonra 100 dollar almaq üçün bundan 26,52 manat çox - 105 manat lazım olub. Həftə ərzində 1 ABŞ dollarının orta məzənnəsi 0,8296 manata bərabər olub. Avroya gəlincə, fevralın 21-də avronun məzənnəsi 33,8% artaraq 1,1950 manat səviyyəsində təsdiqlənib. Bununla da, avro həmin həftəni 33,3%-lik bahalaşma ilə başa vurub. Başqa sözlə, həftənin əvvəlində 100 avro almaq üçün 89 manat 62 qəpik tələb olunurdusa, həftə sonu bunun üçün 119 manat 50 qəpik lazım olub. Həftə ərzində 1 avronun orta məzənnəsi 0,9448 manat təşkil edib.

Kəskin devalvasiyanın 2-ci həftəsində 1 ABŞ dolları 1,0502 manata qədər yüksəlsə də, həftə dolların 0,0002 manat və ya 0,02% ucuzlaşması ilə tamamlanıb. 23-27 fevralda 1 ABŞ dollarının orta məzənnəsi 1,05 manat təşkil edib. Dollarda olduğu kimi, avro da devalvasiyanın növbəti həftəsini 0,0179 manat və ya 1,5%-lik ucuzlaşma ilə başa vurub. Sözügedən həftə ərzində avronun manata nəzərən orta məzənnəsi 1,1897 manat olub.

Növbəti həftədə, yəni 2-6 martda dolların məzənnəsində cüzi azalma baş verib. Belə ki, həftə ərzində dolların məzənnəsində 0,0006 manat və ya 0,06%-lik ucuzlaşma baş verib. Həftə ərzində 1 dolların orta məzənnəsi 1,0494 manat olub. Avro isə həftə ərzində 0,167 manat və ya 1,42% ucuzlaşıb. Bu müddət ərzində avronun manata nəzərən orta məzənnəsi 1,1676 manata bərabər olub.

Martın 9-13-ü arasında isə ABŞ-ın vahid valyutası həftəni 0,0002 manat, başqa sözlə, 0,02%-lik ucuzlaşma ilə başa vurub. Bu həftə ərzində 1 dolların orta məzənnəsi 1,0490 manat təşkil edib. Həftə ərzində avro manata nisbətən 0,0204 manat və ya 1,8% ucuzlaşıb. Avropanın vahid valyutasının orta məzənnəsi 1,1170 manat təşkil edib.

16-20 mart tarixlərində 1 dollar 0,0001 manat və ya 0,01% dəyərdən düşüb. Həftə ərzində 1 dolların orta məzənnəsi 1,0487 manata bərabər olub. Dollardan fərqli olaraq avro 16-19 martda 0,0271 manat və ya 2,46% bahalaşıb. Avronun orta məzənnəsi göstərilən tarixdə 1,1112 manat olub.

4 həftəlik cüzi ucuzlaşmadan sonra 30 mart - 3 aprel tarixlərində 1 dollar 0,0002 manat və ya 0,02% bahalaşıb. Həftə ərzində 1 dollarının orta məzənnəsi 1,0485 manat təşkil edib. Həmin həftə ərzində avronun da bahalaşması müşahidə edilib. Belə ki, həftə ərzində 1 avronun məzənnəsi 0,0006 manat və ya 0,05% artıb. Bu müddətdə avronun orta məzənnəsi 1,1342 manat təşkil edib.

Aprelin 6-10 tarixləri arasında 1 ABŞ dolları 0,0033 manat və ya 0,31% bahalaşıb. Həftə ərzində 1 ABŞ dollarının orta məzənnəsi 1,0507 manata bərabər olub. Dollardan fərqli olaraq bu müddətdə avro 0,0286 manat və ya 2,48% ucuzlaşıb, orta məzənnə isə 1,1393 manat olub.

Ümumiyyətlə, təhlilini apardığımız 7 həftə ərzində (bayram və istirahət günləri istisna olmaqla) kəskin devalvasiyanın baş verdiyi həftədən (21 fevraldan) sonra, yəni 23-27 fevralda 1 ABŞ dollarının manata nəzərən orta məzənnəsi yüksək olsa da, növbəti 4 həftədə dolların cüzi ucuzlaşması baş verib. Çox güman ki, bu müddət ərzində bank bazarında ajiotajı aradan qaldırmaq üçün Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta intervensiyasının həcmini artırıb. Avroya gəlincə, kəskin devalvasiyadan sonrakı 3 həftədə avro ucuzlaşıb. Bundan sonra növbəti iki həftə ərzində avronun məzənnəsi möhkəmlənib. Bu həftəni isə avro ucuzlaşma ilə başa vurub.

Manat üz qızardır

Martın 30-dan etibarən dolların yenidən bahalaşması ajiotajın cüzi olsa da səngiməsi və AMB-nin bazara müdaxiləsinin qismən azalmasından xəbər verir. Son 2 həftə ərzində dolların bahalaşması yumşaq devalvasiya prosesinin davam etdiyinin əyani göstəricisidir. Xüsusilə, bu həftə dolların məzənnəsi 0,31% yüksəlib və Azərbaycanda dolların məzənnəsi illik maksimumu yeniləyib. Bununla da, bu il Azərbaycanda dollar 34% bahalaşıb.

Devalvasiya kəskinləşə bilərmi?

Hələ də ölkədə 1 ABŞ dollarının 1,50 - 2 manatadək bahalaşacağı barədə iddialar irəli sürülür. “APA-Economics”in analitik qrupu manatın kəskin devalvasiyası ehtimalının çox az olduğu qənaətindədir. Analitik qrup hesab edir ki, ölkədə devalvasiya yumşaq formada davam edəcək.

Yeri gəlmişkən, Mərkəzi Bank “APA-Economics”in kəskin devalvasiya gözlənilirmi sualını belə cavablandırıb: “Manatın məzənnəsi Avro və ABŞ dollarının daxil olduğu səbət mexanizmi əsasında formalaşır. Bunun mahiyyəti odur ki, Avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən ABŞ dolları/manat məzənnəsinə ötürülür. Bu o deməkdir ki, manat ABŞ dollarına qarşı müəyyən günlərdə bahalaşa, müəyyən günlərdə isə ucuzlaşa bilər. Son 2 gündə beynəlxalq valyuta bazarlarında Avronun ABŞ dollarına qarşı ucuzlaşması müşahidə olunur. Bu da ABŞ dolları/manat məzənnəsinin yumşaq gündəlik dəyişikliyə səbəb olub. Bütövlükdə, bu dəyişikliklər idarə olunan çevik məzənnə rejimi üçün xas olan bir haldır. Hazırda bazar subyektləri tədricən yeni məzənnə rejiminə adaptasiya olunmaqdadırlar”.

AMB bəyan edib ki, avro/dollar məzənnəsi ilə neftin qiyməti arasında əlaqə uzunmüddətli olduğundan tətbiq olunan məzənnə rejimi əsasən neftin qiymətindəki uzunmüddətli meylləri nəzərə alır.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı bildirib ki, Azərbaycanda manatın məzənnəsinin korreksiyası zəruri idi. "Xüsusilə peşəkar şəxslər bunun zəruriliyini daşa düşürdülər. Bu, əslində manatın devalvasiyası yox, Azərbaycan neftinin devalvasiyası idi. Çünki, vaxt var idi Azərbaycan nefti 140 dollara satılırdı, indi isə onun qiyməti 3 dəfə aşağı düşüb. Mərkəzi Bankın da ödəmə balansı var. Bununla bağlı mütləq məsuliyyətli qərar qəbul etmək lazım idi", - deyə E. Rüstəmov qeyd edib.

Baş bankir əlavə edib ki, manatın məzənnəsinin korreksiyası əsasən daxili bazarın qorunmasına, digər tərəfdən xaricə ixracın stimullaşdırılmasına hesablanıb.

Tam üzən məzənnə siyasətinə keçidə gəlincə, E. Rüstəmov qeyd edib ki, Azərbaycan hələlik buna tam hazır deyil: "Çünki indiki halda tam üzən məzənnə siyasətinə keçilsə, onda milli iqtisadiyyat çox ziyan çəkə bilər. Məhz buna görə, idarə olunan məzənnə siyasətinə üstünlük verilir. Azərbaycan tam üzən məzənnə siyasətinə keçidə hazır deyil".

Baş bankirin sözlərinə görə, tam üzən məzənnə siyasətinə keçid üçün ölkədə çoxlu sayda valyuta qazanan təşkilatlar olmalıdır: "Hazırda çoxlu valyuta qazanan cəmi üç təşkilat var. Bu Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bank və Azərbaycan Dövlət Neft Şirkətidir. Biz tam üzən məzənnə siyasətinə keçsək, bazardan asılı olaraq manat 20-30% ya möhkəmlənə, ya da ucuzlaşa bilər. Bu isə iqtisadiyyatda böyük əsəbilik yarada bilər. Buna görə də, biz tam olaraq üzən məzənnə siyasətinə keçmirik, idarəedilən məzənnə siyasətinə keçmişik".

Bu arada E. Rüstəmovu dünən növbəti AMB rəhbəri təyin edən ölkə başçısı İlham Əliyev bu gün keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bildirib ki, manatın məzənnəsi ilə bağlı görülən tədbirlər iqtisadi baxımdan səmərəlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR