Roma Papası: “Avropa bu gün yorulmuş və bədbin görünür”

Roma Papası: “Avropa bu gün yorulmuş və bədbin görünür”
# 25 noyabr 2014 14:00 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Roma Papası Fransisk Strasburqdakı Avropa institutlarında olub.

APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, Papa Avropa Parlamentində və Avropa Şurasında çıxış edib.

Avropa Parlamentində çıxış edən Papa Fransisk əsasən dünyada baş verən qlobal siyasi məsələlərə toxunub. Avropa quruculuğunun mərkəzləşmiş iqtisadiyyat üzərində deyil, insan şəxsiyyətinin müqəddəsliyi ətrafında qurulmalı olduğunu vurğulayan Papa dünyada davam edən iqtisadi böhrandan, insanların aclıq və səfalət içində yaşamasından, dünyada və Avropada baş verən münaqişələrdən danışıb, habelə ekstremizm və ifratçılıq kimi məsələlərə diqqət yetirib.

Avropa Şurasındakı çıxışında isə Papa Fransisk Avropa məkanında sülh və sabitliyin vacibliyini önə çəkərək, sülhün insan həyatına dərin nifrət bəsləyən və çoxsaylı gunahsız qurbanlara səbəb olan dini və beynəlxalq terrorizmin sınağına çevrildiyini bildirib: “Bu gün bizim gözümüz qarşısına yaralı Avropa şəkili gəlir. Buna səbəb isə keçmişin çoxsaylı sınaqları ilə yanaşı, hazırda baş verən böhranları əlavə etməliyik. Avropa isə bütün bunlara sanki əvvəlki kimi canlı və enerjili şəkildə diqqət ayıra bilmir. Avropa bu gün daha çox yorulmuş və bədbin görünür”.

Qeyd edək ki, Vatikan Avropa Şurasının tamhüquqlu üzvü olmasa da, 1970-ci ildən etibarən təşkilat yanında müşahidəçi statusuna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR