Azərbaycanda şəhərsalma və şəhər infrastrukturu sahəsində maliyyələşdirmə əsasən mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
APA xəbər verir ki, bunu EBRD-nin Yaşıl Şəhərlər proqramının rəhbəri, EBRD-nin Dayanıqlı İnfrastruktur Qrupunun direktor müavini Lin O’Grady Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan şəhər inkişafı və iqlim maliyyələşdirilməsinə həsr olunmuş müzakirə zamanı deyib.
EBRD rəsmisi layihələrin hazırlanması ilə maliyyələşdirmənin bir-biri ilə daha sıx əlaqələndirilməsinin vacibliyini vurğulayıb: “Şəhərlərin ölçüsü, kredit qabiliyyəti və fiskal desentralizasiya səviyyəsi fərqli olduğundan, bütün şəhərlər üçün vahid maliyyələşdirmə modelindən istifadə etmək mümkün deyil. Azərbaycanda, ümumilikdə, sistem kifayət qədər mərkəzləşdirilib. Buna görə də şəhərsalma və şəhər infrastrukturu sahəsində hazırda biz dövlətə kredit veririk, dövlət isə həmin vəsaiti şəhərə ötürür”.
EBRD rəsmisi Türkiyədə isə vəziyyətin fərqli olduğunu söyləyib. Onun sözlərinə görə, fiskal desentralizasiya həyata keçirildiyi üçün EBRD şəhərlərə birbaşa kredit verə bilir. "Əsas məsələ konkret şəhərə hansı maliyyələşdirmə alətlərinin uyğun olduğunu müəyyənləşdirməkdir. Təbii ki, hər zaman özəl sektorun prosesə cəlb olunması imkanlarını da axtarmaq lazımdır”.