“Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusunda tədbir keçirilib
# 05 may 2015 12:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclas Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurasının təşəbbüsü ilə “Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi” mövzusuna həsr olunub.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, gənclər siyasəti dövlət siyasətinin prioritet sahələrindən biridir. O qeyd edib ki, bu gün Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ölkədə aparılan gənclər siyasətinin kulminasiyasıdır: “İdman, olimpiya oyunları gənclərlə bağlı olan hadisədir, on mindən çox könüllü gənc I Avropa Oyunlarının keçirilməsində fəal iştirak edir”.

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bugünkü gənclik Heydər Əliyevin arzuladığı qəlibə düşməkdədir və bu, sevinc doğurur. Vitse-spiker gənclərlə keçirilən belə müzakirələrin hər zaman faydalı olduğunu vurğulayıb: “Azərbaycanda baş verən dəyişikliklər yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Azərbaycan özünün bütün inkişaf istiqamətləri ilə, əldə etdiyi nailiyyətləri ilə təkcə öz xalqı üçün müsbət şərait yaratmır, eyni zamanda yerləşdiyi region üçün əhəmiyyətli bir dövlətə çevrilməkdədir”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycanda formalaşan gənclər siyasətinin hüquqi-normativ bazası bu gün beynəlxalq standartlara cavab verir və bu baza Azərbaycan gənclərinin maraqlarını əks etdirir.

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, millət vəkilləri Rauf Əliyev, Sevinc Hüseynova Azərbaycanda aparılan gənclər siyasətindən danışıblar. Tədbirin davamında iclasda iştirak edən gənclər öz fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR