Bu il üzrə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş işlərin 76 faizi həyata keçirilib

Bu il üzrə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş işlərin 76 faizi həyata keçirilib
# 22 iyul 2015 08:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu il üzrə “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş işlərin 76 faizi həyata keçirilib.



APA-nın məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında söyləyib.



V. Hüseynov deyib ki, aparılan monitorinqlər dövlət orqanlarının saytlarının 90 faizinin təkmilləşdirildiyini göstərir: “Bu gün hələ də vətəndaşların əhəmiyyətli qisminin arayışları dövlət orqanlarından aldığını görürük. Ancaq bu arayışların çoxu elektron hökumət portalından əldə edilə bilər”.



V. Hüseynov bu il Fəaliyyət Planında nəzərdə tutulan, qismən yerinə yetirilən və yerinə yetirilməyən işlərin olduğunu da açıqlayıb: “Məsələn, “İctimai iştirakçılıq haqqında” qanunun tətbiqi ilə bağlı dövlət orqanlarının bir qismində ictimai şuraların yaradılması gecikir. İkinci, dövlət orqanlarının fəaliyyəti ilə bağlı hesabatların illik məruzə şəklində internet saytlarında yerləşdirilməsi ilə bağlı işlər də qismən həyata keçirilib. Eyni zamanda bəzi qanunların qəbulu gecikir. Bunlardan biri “Korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin müdafiəsi haqqında” qanun layihəsidir. Bu qanun layihəsi QHT-in də daxil olduğu İşçi Qrupu tərəfindən hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib. Ümumilikdə, Fəaliyyət Planında nəzərdə tutulan işlərin indiyə qədər 76 faizinin icra olunması yüksək göstəricidir. Bu il Fəaliyyət Planının icraçı ilə bağlı son ildir və ilin sonunda nəticələr elan ediləcək. Bu nəticələr Komissiyanın saytında yerləşdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR