Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Belqrad Universiteti arasında memorandum imzalanıb - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Belqrad Universiteti arasında memorandum imzalanıb - <font color=red>FOTO</font>
# 09 oktyabr 2012 11:21 (UTC +04:00)
Bakı – APA. Serbiyanın Belqrad Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təhsil ocağının rektoru, professor Vladimir Bumbaşireviç, universitetinin prorektoru, professor Marko İvetiç, “Arco Projekt” şirkətinin direktoru, universitetin professoru Petar Arsiç, UNESCO-nun təmsilçisi, universitetin professoru Jovan Despotoviç AzMİU-nun tələbə və müəllim heyəti ilə görüşüb.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova universitetinin tarixi, beynəlxalq əlaqələri, dünyanın tanınmış universitetləri ilə tələbə mübadiləsi və tələbə hazırlığı haqqında ətraflı məlumat verib.

Görüşdə təhsil sahəsində bir sıra mövcud problemlər müzakirə olunub. Belqrad Universitetinin Su Təsərrüfatı və Kommunikasiya Sistemləri fakültəsinin professoru Jovan Despotoviç Azərbaycanda səfərdə olduqları müddətdə artıq bir sıra birgə layihələrin həyata keçirilməsi üçün təkliflər verdiklərini bildiriblər. O, 2014-2020-ci illərdə Azərbaycanda su tədqiqatı, idarə edilməsi və qlobal dəyişikliklər dövründə insanların sağlamlığının təmin olunması ilə əlaqədar layihə üzərində işlədiklərini, bununla bağlı təkliflərlə çıxış etdiklərini söyləyib.

İki universitet arasında təhsil və tələbə mübadiləsinə toxunan G. Məmmədova bildirib ki, hazırda Belqrad Universitetinin nəzdində olan, lakin Azərbaycanda mövcud olmayan bir sahənin - su təsərrüfatı menecmenti sahəsinin işlənib hazırlanmasına və bu sahənin universitetdə ayrıca fakültə kimi mütəxəssis yetişdirməsinə xüsusi ehtiyac var.

Belqrad Universitetinin prorektoru, professor Marko İvetiç Serbiyada bu sahədə xüsusi irəliləyiş əldə etdiklərini vurğulayıb. Ölkəsində həm yağış, həm çay sularının yeni texnologiyalarla və su təsərrüfatı sahəsində peşəkar menecmentlərin köməyi ilə təmizlənib, kənd təsərrüfatında və texniki su kimi istifadədə əldə etdikləri uğurlardan danışıb.

V. Bumbaşeriviç isə 31 fakültə, 80 min tələbə və 10 min müəllim heyəti olan Belqrad Universitetinin 204 illik tarixində bir çox universitetlə əməkdaşlıq etdiyini deyib: “Bu sırada Azərbaycan Memarlıq və İnşaat Universitetinin də olmasını istərdik”.

Sonda AzMİU və Belqrad Universiteti arasında elmi, təcrübi və nəzəri sahədə əməkdaşlığa dair memorandum imzalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR