Azərbaycan hərbçiləri ABŞ və NATO hərbi qüvvələri ilə birgə səhra təlimində iştirak ediblər

Azərbaycan hərbçiləri ABŞ və NATO hərbi qüvvələri ilə birgə səhra təlimində iştirak ediblər
# 05 oktyabr 2012 14:34 (UTC +04:00)
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 9-dan oktyabrın 4-dək Almaniyanın Hohenfels şəhərində yerləşən Müştərək Çoxmillətli Hazırlıq Mərkəzində (JMRC) keçirilmiş “Missiyaqabağı yoxlama təlimi”ndə Azərbaycan Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası (OCC) taboru və sülhməramlı taborunun 103 nəfərdən ibarət şəxsi heyəti iştirak edib.

Səhra təliminin məqsədi iştirak edən digər ölkələrinin qısa bir zamanda Əfqanıstana yollanacaq hərbi bölmələrinin hazırlanması ilə yanaşı Azərbaycandan olan hərbi kontingent üçün “Sülhməramlı və təhlükəsizlik qüvvələri” mövzusunda hərbi təlim keçmək olub. Təlim proqramına əldəqayırma partlayıcı qurğularla mübarizə, yaraqlılara qarşı mübarizə, nəzarət-buraxılış məntəqələrinin qurulması və sülhməramlı və təhlükəsizlik qüvvələrinin fəaliyyətinə dair digər məsələlər daxil olub.

Azərbaycan hərbçiləri bu tip təlimdə ilk dəfə iştirak edib. JMRC-də Azərbaycanla yanaşı Albaniya, Slovakiya, Belçıka, Çex Respublikası, Macarıstan, Polşa, Litva və Bosniya və Hersoqovinadan hərbçilər iştirak edib.

Azərbaycanın Silahlı Qüvvələrinin OCC taboru NATO-nun başçılığı altında aparılan sabitlik və təhlükəsizlik üzrə koalisiya əməliyyatlarında iştirak edən alyans qüvvələri ilə əməliyyat uyarlılığına malikdır.

Azərbaycan Silahlı Qüvvələrinin bölməsinin bu tədbirdə iştirakı ABŞ-ın Hərbi Əməkdaşlıq Ofisi, ABŞ SQ-nin Avropa Komandanlığı, ABŞ Quru Qoşunların Avropadakı Komandanlığı və Azərbaycan Müdafiə Nazirliyinin bir ildən artıq həyata keçirdikləri müştərək planlaşdırma nəticəsində baş tutub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR