BMT təmsilçisi: “Azərbaycanda uşaq ölümünün səviyyəsi Səhiyyə Nazirliyinin göstəricilərindən 2-3 dəfə artıqdır”

BMT təmsilçisi: “Azərbaycanda uşaq ölümünün səviyyəsi Səhiyyə Nazirliyinin göstəricilərindən 2-3 dəfə artıqdır”
# 05 iyul 2012 10:27 (UTC +04:00)
Bu barədə APA-ya UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbərliyi Mark Herevard bildirib.

Onun sözlərinə görə, uşaq ölümü ilə bağlı göstəricilərdə bu cür böyük fərq hesablamaların aparılmasındakı üsullarla əlaqədardır: “BMT tərəfindən uşaq ölümünün tərifi üçün müəyyən olunmuş yanaşma, Səhiyyə Nazirliyinin uşaq ölümünün səviyyəsini hesablamaq üçün istifadə etdiyi yanaşmadan fərqlənir”.

UNİSEF nümayəndəsi bildirib ki, əslində belə vəziyyət bütün keçmiş sovet respublikalarında var. Bunun səbəbi isə odur ki, bütün keçmiş sovet respublikalarında sovet dövründən miras qalmış “diri doğum meyarı”na dair yanaşmadan istifadə olunur. Azərbaycanda isə hələlik beynəlxalq “diri doğum meyarı” qəbul edilməyib: “Bu səbəbdən də ölümün səviyyəsi ilə bağlı rəsmi statistik göstəricilər daha aşağıdır və bu göstəricilərlə BMT-nin göstəriciləri arasında çox böyük fərq var”.

UNİSEF Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın beynəlxalq «diri doğum» meyarına keçməsinə çalışır. BMT bu məsələnin həllində, daha dəqiq metodologiyanın hazırlanmasında Azərbaycan tərəfinə yardım etmək niyyətindədir: “Bu məsələnin həll edilməsi üçün biz BMT təşkilatı olaraq digər beynəlxalq təşkilatlarla birlikdə Azərbaycana statistika sahəsindəki yüksək səviyyəli mütəxəssisləri dəvət etmişik ki, onlar Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə işləyərək təhlillər aparsın, bu sahədə birgə yanaşma metodlarını müəyyənləşdirsinlər».

UNİSEF rəsmisi son 20 il ərzində Azərbaycanda 5 yaşınadək uşaq ölümünün iki dəfə azaldığını da qeyd edib: “Məni narahat edən məsələ bu göstəricilərin səviyyəsi deyil. Məni sevindirən məqam odur ki, bu göstəricilərdə azalma müşahidə olunur”.

M. Herevard onu da bildirib ki, BMT tərəfindən açıqlanan statistik göstəricilər BMT təşkilatları tərəfindən həyata keçirilən tədqiqatlara əsaslanır: “Bir məsələ də nəzərə alınmalıdır ki, UNİSEF tərəfindən 2006-cı ildən sonra heç bir sorğu və tədqiqat həyata keçirilməyib. Əgər son zamanları əhatə edən sorğu həyata keçirilsəydi, bu göstəricilərin əhəmiyyətli dərəcədə azalması müşahidə olunardı”.

“Bu, Mark Herevardın növbəti yanlış açıqlamasıdır və heç nəyə əsaslanmır”. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova UNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbərliyi Mark Herevardın Azərbaycanda uşaq ölümünün səviyyəsi barədə fikirlərini APA-ya belə şərh edib. O qeyd edib ki, Azərbaycan Dövlət Statistika Komitəsinin hesablamaları bir çox beynəlxalq təşkilatların hesablamaları ilə üst-üstə düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR