Proqnoz: Bu il Azərbaycan əhalisinin yığımları 12 mlrd. dolları ötəcək

Proqnoz: Bu il Azərbaycan əhalisinin yığımları 12 mlrd. dolları ötəcək
# 16 oktyabr 2012 07:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan əhalisinin məcmu gəlirləri 2012-ci ildə 34 458,8 mln. manat, məcmu xərcləri isə 24 842,2 mln. manat səviyyəsində proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu proqnoz 2013-cü il üçün hazırlaşmış dövlət və icmal büdcələrinin layihələrində əks olunub.

Bu proqnozun nə dərəcədə real olduğunu müəyyənləşdirmək üçün ən son statistik məlumatları əsasında sadə hesablamalar aparmaq olar. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, cari ilin 9 ayında əhalinin məcmu gəlirləri 24,2 mlrd. manat və ya orta hesabla hər rüb təxminən 8,1 mlrd. manat səviyyəsində qiymətləndirilib. Beləliklə, ilin sonuna kimi rüblük artımı həmin səviyyədə hesablayanda il ərzində məcmu gəlirlərin təxminən 32,4 mlrd. manat həcmində gözləmək olar.

Bundan başqa, hökumətin proqnozlarına görə, bu il ərzində ölkə əhalisi 9,6 mlrd. manatdan (təxminən 12,152 mlrd. ABŞ dolları) artıq həcmində vəsaiti istehlak xərclərindən sonra sərəncamında saxlaya biləcək. Bu proqnoz daha real görünür. Belə ki, 9 aylıq statistikaya əsasən, əhali əmanətlərin və kapitalın artırılmasına məcmu gəlirlərinin 26,8%-ni yönəldib. Qeyd edək ki, məhz bu vəsaitlər əhalinin sərəncamında qalan vəsaitlər hesab olunmalıdır, çünki qalan vəsaitlər istehlak xərclərinə və vergi, sosial sığorta və digər icbari ödənişlərə yönəldilir. Göründüyü kimi, hökumətin proqnozlarına görə, il ərzində əhalinin sərəncamında qalan vəsaitlərin məcmu gəlirlərinin 27,9%-ni təşkil edəcək ki, bu da tam real göstərici kimi qəbul edilə bilər.

Ümumi nəticə kimi, aydın olur ki, 2012-ci ildə Azərbaycan əhalisi məcmu olaraq 10 mlrd. manata yaxın vəsaiti xərclənməmiş yığım kimi sərəncamında saxlaya biləcək, bunun da təxminən 6,5 mlrd. manatı 9 ay ərzində artıq yığılıb.

Həmçinin qeyd olunmalıdır ki, 2012-ci ildə əhalinin gəlirləri üzrə artım tempi əhalinin xərcləri üzrə artım tempini 1,3 faiz bəndi və ya 21,3% üstələyəcək. Bu amil makroiqtisadi baxımdan çox müsbət göstəricidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR