İctimai Palatadakı əsas partiyaların funksionerləri razılaşdırılmış aksiyaların tərəfdarıdırlar

İctimai Palatadakı əsas partiyaların funksionerləri razılaşdırılmış aksiyaların tərəfdarıdırlar
# 27 mart 2012 12:23 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İctimai Palatada 8 aprel aksiyasının harada keçirilməsi ilə bağlı qərar konsensusla qəbul olunub. AXCP olaraq bizim mövqeyimiz ondan ibarətdir ki, aksiyalar şəhərin mərkəzi yerlərində keçirilməlidir. 20-ci sahə aksiya keçirilməsi üçün o qədər də münasib yer deyil. Eyni zamanda, bizim məsələlərə yeni yanaşmamız bundan ibarətdir ki, razılaşdırılmış aksiyalar keçirilsin. Yəni, aksiyalar qarşıdurma şəraitində olmasın”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın (İP) üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O bildirib ki, razılaşdırılmış aksiyalara getməkdə məqsəd, mitinqlərə yalnız cəsarətlilərin deyil, bütün müxalifətçilərin, eyni zamanda, narazı təbəqənin cəlb edilməsidir: “Ona görə də biz razılaşdırılmış aksiyaların tərəfdarıyıq. İstənilən halda, 8 aprel aksiyası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubu İctimai Palatada müzakirə olunacaq. İndiki halda isə İctimai Palatanın mövqeyi ondan ibarətdir ki, aksiyalar “Nərimanov” və ya “Təbriz” kinoteatrının qarşısında keçirilsin. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bizə verilən cavab təkliflərinin də müzakirəsini istisna etmirik. Biz təkliflərə hazırıq: əgər uyğun yer təklif olunacaqsa, həmin yerlə bağlı müzakirə aparıb razılaşmanın əldə olunmasında maraqlıyıq”.

F. Qəhrəmanlı deyib ki, AXCP bütün hallarda razılaşdırılmış aksiyaların tərəfdarıdır.

İP üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə bildirib ki, məsələyə yalnız Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubundan sonra münasibət bildirmək olar.

İP üzvü, Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy da APA-ya açıqlamasında deyib ki, İP yalnız razılaşdırılmış aksiyalara getməlidir: “Bunu mən İctimai Palatanın sessiyalarında da demişəm. Müxalifət narazıları meydana yığmaqdan ötrü yalnız icazəli mitinqə gedə bilər. Əks halda, ortada qorxu faktoru olur və insanlar aksiyalara gəlmirlər. Nəinki siyasi partiya üzvü olmayanlar, hətta olanların da hamısı gəlmir. İstədiyimiz yerlərdə mitinq keçirilməyə icazə verilmir, ortada gərəksiz qarşıdurmalar yaranır. O baxımdan mən İctimai Palatanın yalnız icazə verilən yerdə mitinq keçirməsinin tərəfdarıyam. Bu, heç də hakimiyyətin qarşısından qaçmaq demək deyil. Mən düşünürəm ki, biz 20-ci sahədə möhtəşəm mitinq keçirə, sonra da digər meydanlara iddia edə bilərik. Əsas mitinqin harada keçirilməsi deyil, Azərbaycan və dünya ictimaiyyətinə sözünü çatdırmaqdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR