Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə 5 illik Dövlət Proqramı hazırlanıb

Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə 5 illik Dövlət Proqramı hazırlanıb
# 09 fevral 2012 15:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı nağdsız hesablaşmaların genişləndirilməsi məqsədilə «2012-2016-cı illərdə Azərbaycanda elektron ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı» hazırlayıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bildirib.

Onun sözlərinə görə, bu sahədə AMB-nin əsas hədəfləri elektron ödəniş xidmətlərinə və nağdsız ödəniş alətlərindən istifadənin genişləndirilməsi ilə yüksək ödəniş mədəniyyətinə malik olan cəmiyyətin formalaşdırılması və nağdsız dövriyyənin inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılmasıdır.

K.Qurbanova deyib ki, yaxın müddət ərzində təsərrüfat subyetlərinin və geni əhali kütləsinin elektron ödəniş xidmətlərinə çıxış imkanlarının artırılması, aidiyyəti hökumət və digər qurumların informasiya sistemlərinin elektron ödəniş sistemləri ilə inteqrasiyasının tamamlanması ölkə səviyyəsində kompleks tədbirlərin həyata keçirilməsini zəruri edib. Yeni dövlət proqramı da məhz bu səbəbdən hazırlanıb. Dövlət proqramı 2012-2016-cı ildə ölkədə müasir elektron ödəniş xidmətlərindən istifadənin genişləndirilməsini nəzərdə tutur.

Dövlət Proqramı bir neçə əsas istiqamət üzərində qurulub. 1-ci istiqamət elektron ödəniş sistemlərinin infrastruktur imkanlarının genişləndirilməsi, 2-ci istiqamət elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsi, 3-cü istiqamət elektron ödəniş xidmətlərindən istifadə effektivliyinin artırılması, 4-cü istiqamət bu xidmətlərdən istifadə üzrə maarifləndirmə, 5-ci istiqamət əhali və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə cəlb olunmasıdır. Bu istiqamətlərin hər biri üzrə konkret tədbirlər nəzərdə tutulur.

Azərbaycanda nağdsız ödənişlərin infrastruktur imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulan istiqamətlər barədə məlumat verən K.Qurbanovanın sözlərinə görə, bura vergi, rüsum və digər büdcə ödənişlərinin Milli Ödəniş Sisteminin infrastrukturu vasitəsilə qəbul edilməsinin təmin olunması, «Elektron hökumət» layihəsi çərçivəsində dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərə ödənişlərin nağdsız ödəniş alətləri vasitəsilə toplanması imkanının yaradılması daxildir.

Bundan başqa, görüləcək tədbirlərə banklar tərəfindən göstərilən elektron xidmətlərin çeşidinin artırılması, bank-müştəri münasibətlərinin elektronlaşması, kart infrastrukturunun genişləndirilməsi də aiddir. Eləcə də ticarət iaşə və xidmət sahələrində POS-terminalların quraşdırılmasının kütləviləşdirilməsi və «Azərpoçt» MMC-nin bütün xidmət şəbəkəsində maliyyə xidmətlərinin göstərilməsi və təşkilatın kart infrastrukturuna inteqrasiya olunması ilə regionlarda, xüsusilə kənd yerlərində elektron ödəniş xidmətlərinə çıxış imkanlarının yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR