Azərbaycan gənc pianoçusu Vyanda keçirilən beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycan gənc pianoçusu Vyanda keçirilən beynəlxalq müsabiqədə uğur qazanıb
# 30 avqust 2012 13:51 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın gənc pianoçusu Avstriyanın paytaxtı Vyanada pianoçuların XII Beynəlxalq müsabiqəsində uğurla iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bu müsabiqəyə Bakı şəhəri G.Şaroyev adına 35 saylı 11 illik Musiqi məktəbinin VII sinif şagirdi, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov və müəllimi Siala Sinamdzqvarişvili qatılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vyana şəhər rəhbərliyinin sponsorluğu və "Panmusica Austria" Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşən müsabiqə çərçivəsində ustad dərsləri də təşkil olunub.

Avstriya, Rusiya, Yaponiya, Koreya, Çin, Monqolustan, Slovakiya, Sloveniya, ABŞ, Ermənistan və Qazaxıstandan ifaçıların iştirak etdiyi, üç yaş qrupu və iki mərhələdə gerçəkləşən müsabiqənin A qrupunda (12 yaşadək) ölkəmizi Nəriman Əmiraslanov təmsil edib. Birinci mərhələdən öncə professor Chung Leedən ustad dərsləri alan yeniyetmə pianoçumuz V.A.Motsartın Do minor Sonatasının birinci hissəsini və Lya major Sonatasının üçüncü hissəsini - "Türk marşi"nı ifa edib. Bu mərhələdə uğurla çıxış edən Nəriman yeddi iştirakçı ilə birlikdə ikinci mərhələyə vəsiqə qazanıb. İkinci mərhələyədək daha bir ustad dərsində Nəriman artıq ikinci mərhələnin proqramını (F.Şopen - Ekspromt lya bemol major, "Etud" lya bemol major, K.Debüssi - "Ay işığı") təqdim edib. List zalında keçirilən müsabiqənin finalında Kipr, Yaponiya, Argentina və Macarıstandan olan münsiflər heyətinin qərarı ilə A qrupunda ikinci mərhələdə çıxış edən yeddi iştirakçıdan - birinci yerə Çin, ikinci yerə Yaponiya nümayəndələri, üçüncü yerə isə Azərbaycanı təmsil edən Nəriman Əmiraslanov layiq görülüb. Qaliblər diplomlar və xüsusi hədiyyələrlə təltif olunublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR