İranın İstanbuldakı konsulluğunun qarşısında etiraz aksiyası keçirilib

İranın İstanbuldakı konsulluğunun qarşısında etiraz aksiyası keçirilib
# 17 avqust 2012 18:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təşəbbüsü ilə İranın Türkiyənin İstanbul şəhərindəki konsulluğunun qarşısında bu gün etiraz aksiyası keçirilib. Bu barədə APA-ya aksiya iştirakçısı, Türkiyədə yaşayan soydaşımız Elçin Hatəmi məlumat verib. O bildirib ki, İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələdən zərərçəkənlərə hökumətin laqeyd münasibətinə etiraz olaraq Türkiyədə yaşayan azərbaycanlıların və GAMOH fəallarının iştirakı ilə piket keçirilib: “Zəlzələ nəticəsində Əhərdə, Herisdə və Vərziganda yüzlərlə soydaşımız həlak olub, minlərlə azərbaycanlı yaralanıb. Lakin bu hadisəyə İran rəsmiləri tərəfindən lazımi diqqət göstərilməyib. Zəlzələ zamanı dağıntıların altında qalan insanları axtarmaq üçün xilasetmə işləri yalnız avqustun 12-də bir neçə saat davam edib. Hələ də torpaq altında qalan soydaşlarımız var. Yerli insanlar öz güclərilə qohumlarını xilas etməyə çalışırlar. Əlbəttə ki, bu, yetərli deyil. Peşəkar xilasedicilərə və texnikaya ehtiyac var”. Eş Hatəmi əlavə edib ki, İran mediasının hadisəylə bağlı yaydığı məlumatlar həqiqəti əks etdirmir: “Orada yaşayan soydaşlarımız insan tələfatının rəsmi rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər. Yanlış məlumatlar hadisəyə düzgün ictimai qiymət verilməsinə mane olur. Bu cür laqeyd münasibəti şiddətlə qınayır və İran hakimiyyətindən zərərçəkən soydaşlarımıza lazımi dəstək verməsini tələb edirik”. Zəlzələdən zərərçəkənlərin fotolarının da nümayiş olunduğu aksiyada “İran Əsəd yanında, Azərbaycan can verir”, “Azərbaycan can verir, məclis onun qətlinə fərman verir”, “Azərbaycan oyaqdı, öz xalqına dayaqdı” kimi şüarlar səsləndirilib. Piket insidentsiz başa çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR