Birləşmiş Ərəb Əmirliklərində dress-kod haqqında qanun tətbiq oluna bilər

Birləşmiş Ərəb Əmirliklərində dress-kod haqqında qanun tətbiq oluna bilər
# 12 iyun 2012 10:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurası (FNC) dress-kod haqqında qanun layihəsini müzakirə edəcək.

«APA-Economics»in BƏƏ mətbuatına istinadən verdiyi məlumata görə, qanun layihəsi geyimə aid yerli ənənələri kobudcasına pozan ölkədə yaşayan əcnəbilərə və BƏƏ-yə gələn turistlərə şamil olunacaq.

«Mən ölkəyə gələn qonaqlardan və burada yaşayan əcnəbilərdən bizim geyimlərimizdən istifadə etməyi tələb etmirəm. Lakin onların paltarları ədəbli olmalı və açıq-saçıq olmamalıdır. Onlar yerli əhaliyə hörmətlə yanaşmalı, sadə geyinməli və bizim uşaqlarımız arasında pis vərdişləri yaymamalıdır», - deyə FNC-nin üzvü Həmad Əl Əhməd Rahumi bildirib. O, həmçinin bildirib ki, açıq geyinən qadınlar yerli əhalinin hisslərini təhqir etmiş olur: «BƏƏ-nin aeroportlarında dress-kod haqda kitabçalar paylanmalıdır. Bundan başqa, ticarət mərkəzlərində “Qadınlar BƏƏ-də nə cür geyinməlidir?” plakatları yerləşdirilməlidir».

Qeyd edək ki, hazırda BƏƏ-də ictimai yerlərdə hisslərin istənilən təzahürü, o cümlədən öpmək, qucaqlamaq, sığallamaq, söz və ya hərəkət ilə insanın təhqir edilməsi, insanların icazəsi olmadan onların şəklini çəkmək, müxtəlif dinlərə hörmətsizlik etmək, naməhrəm kişi və qadının təklikdə qalması, açıq-saçıq geyim ictimai qaydaların pozulması hesab olunur. Bu qaydaları pozanlara qarşı cərimə, azadlıqdan məhrum edilmə və deportasiya tətbiq olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR