Bakı-Xarkov qatarına gediş haqqı ucuzlaşacaq

Bakı-Xarkov qatarına gediş haqqı ucuzlaşacaq
# 08 oktyabr 2012 12:01 (UTC +04:00)
«Azərbaycan Dəmir Yolları» QSC-dən «APA-Economics»ə verilən məlumata görə, ayın sonundan etibarən qatar Çeçenistan (Rusiya) ərazisindən keçəcək.

Belə ki, Bakıdan çıxan qatar Mahaçqala şəhərinədək (Dağıstan) əvvəlki marşrutla gedəcək, sonra isə Kızıl-Yurt, Karlan-Yurt, Xasav-Yurt, Qudermes, Çervlyonnıy, Terek, Naursk, Mozdok, Proxladnaya, Georgiyevsk, Mineralnıye Vodı, Nevinomısskaya, Armavir, Kavkazskaya, Tixoretsk, Rostov, Taqanroq, İlovaysk, Qorlovka, Konstantinovka, Kramatorsk, Krasnıy Liman və İzyum stansiyalarından keçməklə Xarkova çatacaq.

QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov «APA-Economics»ə bildirib ki, qatarın Çeçenistandan keçməsi onun təhlükəsizliyi baxımdan heç bir problem yaratmır: «Onsuz da hazırda Bakı-Rostov qatarı bu marşrutla hərəkət edir. Bakı-Xarkov qatarı da Rostovadək eyni yolla gedib, sonra öz yoluna davam edəcək».

Marşrutun dəyişməsi yolun uzunluğunu ciddi sürətdə azaldacaq. Belə ki, əgər indiyədək qatar Bakıdan Xarkova 56 saata çatırdısa, bu müddət 44 saata, əks istiqamətdə isə 61 saat əvəzinə 47 saata düşəcək. Başqa sözlə, Xarkov istiqamətində yola itirilən vaxt 13 saat, əks istiqamətdə isə 14 saat azalacaq. Bakı-Xarkov qatarının hərəkət qrafiki də dəyişib. Belə ki, qatar Bakıdan əvvəlcədən nəzərdə tutulduğu kimi oktyabrın 26-da deyil, ayın 30-da, həftənin II günü saat 23:30-da çıxacaq. Qatar Xarkova həftənin IV günü Kiyev vaxtı ilə 17:32-də çatacaq. Xarkovdan Bakıya isə qatar həftənin V günü saat 04:11-də çıxıb, bazar günü 05:10-da Bakıya çatacaq.

Marşrutun dəyişməsi, yolun və müddətin qısalması özünü gediş haqqında da göstərəcək. M.Şıxəmirov bildirib ki, bu marşrutla gediş haqqı aşağı salınacaq: «Amma dəqiq məbləğ hələ məlum deyil, indi bunun üzərində iş gedir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR