Elmar Məmmədyarov BMT-nin Terrorçuluqla Mübarizə Komitəsinin İcraedici Direktorluğunun icraçı direktoru ilə görüşüb

Elmar Məmmədyarov  BMT-nin Terrorçuluqla Mübarizə Komitəsinin İcraedici Direktorluğunun icraçı direktoru ilə görüşüb
# 24 sentyabr 2015 20:57 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. "Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində bu gün BMT-nin Terrorçuluqla Mübarizə Komitəsinin İcraedici Direktorluğunun icraçı direktoru Jan-Pol Laborde ilə görüşüb". Nazirlikdәn APA-ya verilәn mәlumata görә, görüş zamanı Laborde Suriya və İraqa döyüşmək üçün gedən çoxlu sayda əcnəbi silahlıların təhlükəsizlik üçün təhdid olduğunu qeyd edib. Azərbaycanın terrorçuluqla əziyyət çəkən bir ölkə olduğunu vurğulayan icraçı direktor, terrorla mübarizə sahəsində ölkəmizin gördüyü işləri yüksək qiymətləndirib. O, bu sahədə ölkəmizlə yaxın əməkdaşlığın vacibliyini bildirib və bu məqsədlə, Azərbaycana səfər etmək niyyətini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycanın bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu və İcraedici Direktorluğun Azərbaycana səfər etmək niyyətinin alqışlandığını bildirib. Avropa ölkələri ilə müqayisədə Azərbaycandan İraq və Suriya kimi ölkələrə döyüşməyə gedənlərin az sayda olduğunu qeyd edən nazir bu təhdidin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Əlavə olaraq, Elmar Məmmədyarov məsələnin həlli üçün dövlətlər arasında məlumat mübadiləsinin vacibliyini vurğulayıb. Nazir İraq və Suriya kimi ölkələrdə siyasi vəziyyətin həllinə nail olmadan əcnəbi silahlılarla bağlı problemin aradan qaldırılmasının qeyri-mümkün olduğunu bildirib.

Laborde BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 2170, 2178 və 2199 saylı qətnamələrin problemin həlliüçün vacib əsas olduğunu və onların həyata keçirilməsi üçün vasitələrin tapılmasının atılacaq addımlar sırasında durduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR