Şəmsiyyə Bəylərqızının apellyasiya şikayəti təmin edilib

Şəmsiyyə Bəylərqızının apellyasiya şikayəti təmin edilib
# 11 noyabr 2014 09:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin şikayəti ilə həbs edilmiş Şəmsiyyə Bəylərqızının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şəmsiyyə Bəylərqızının cəzası 11 ildən 10 il 3 aya endirilib.

Qeyd edək ki, Şəmsiyyə Bəylərqızı sabiq İran səfiri ilə ailə qurduğunu və ondan oğlu olduğunu bildirsə də, Əfşar Süleymani qadının onun etimadından istifadə edərək pulunu mənimsədiyini iddia edib. Ş.Bəylərqızı Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Həmin şikayət əsasında Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Bəylərqızı 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı İstintaq təcridxanasında saxlanılan Şəmsiyyə Bəylərqızının kamerasından mobil telefon tapılıb. Buna görə də Şəmsiyyə Bəylərqızının barəsində əlavə cinayət işi açılıb. Sabunçu Rayon Məhkəməsi tərəfindən ona əlavə olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində təyin etdiyi 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə yeni cəzası birləşdirilərək barəsində 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Sabunçu Rayon Məhkəməsinin qərarından narazı qalan Ş. Bəylərqızı apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR