Bank Of Baku

Azərbaycanda bütün kəndlər bu ilin sonunadək telefonlaşdırılacaq

Azərbaycanda bütün kəndlər bu ilin sonunadək telefonlaşdırılacaq
# 06 avqust 2008 09:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. “Elektron Azərbaycan“ Dövlət Proqramı çərçivəsində bu ilin sonunadək Azərbaycanda daha 225 kənd müasir vasitələrlə ölkənin telekommunikasiya şəbəkəsinə qoşulacaq. Bunun nəticəsində də bu ilin sonunadək Azərbaycanda telefonlaşdırılmamış kənd qalmayacaq. “APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hökumətin bu ilin ilk 6 ayının iqtisadi göstəricilərinə dair keçirilən iclasında deyib. Nazirin sözlərinə görə, sabit telekommunikasiya şəbəkəsinin inkişafı “100 ailəyə 100 telefon” layihəsi çərçivəsində həyata keçirilir. Bu layihə kommersiya tipli olub, yeni nəsil texnologiyalarının tətbiqi ilə müasir genişzolaqlı xidmətlərin, yəni bir xətlə abunəçilərə eyni zamanda həm telefon, həm yüksəksürətli internet, həm də radio-televiziya xidmətlərinin göstərilməsini paralel həyata keçirir. Layihə texniki kreditlər, “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin gəlirləri hesabına mərhələli şəkildə reallaşdırılır. Nazir hazırda paytaxt və regionlarında bu müasir xidmətin on minlərlə istifadəçisi olduğunu da xatırladıb. Ə. Abbasov qeyd edib ki, artıq Azərbaycan hər internet istifadəçisinə düşən orta xarici çıxış tutumuna görə Yaponiya, Koreya, Sinqapur kimi ölkələrlə bir sıradadır. Bu ildən isə artıq Azərbaycan internet xidmətlərinin regionda ixracçısına çevrilib. Nazirin bildirdiyinə görə, bu ilin 6 ayı ərzində İnternet provayderlərin əksəriyyəti internet xidmətlərinin qiymətlərini 30-35 faiz endirib. Hazırda internet istifadəçilərin sayı əhalinin 18 faizini təşkil edir ki, bu da orta dünya göstəricisinə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR