Bank Of Baku

Qazaxıstan TAE üzrə texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq konsaltinq şirkəti ilə müqavilənin bağlanılmasını ləngidir

Qazaxıstan TAE üzrə texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq konsaltinq şirkəti ilə müqavilənin bağlanılmasını ləngidir
# 25 noyabr 2008 13:00 (UTC +04:00)
Bakı İlhamə İsabalayeva – APA-Economics. Siyəzən (Azərbaycan) və Aktau (Qazaxıstan) şəhərləri arasında Xəzər dənizaltı fiber-optik kabel magistralının tikintisinin həyata keçirilməsi məqsədilə tam şəkildə texniki-iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması üçün seçilmiş «Accuim» beynəlxalq konsaltinq şirkəti ilə müqavilənin bağlanılması prosesi hələ başa çatmayıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov məlumat verib.
C.Cəfərovun sözlərinə görə, bunun əsas səbəbi Qazaxıstan tərəfinin müqaviləni hələ bağlamaması ilə əlaqədardır: «Azərbaycan və Qazaxıstan tərəfi artıq konsaltinq şirkəti seçiblər. Azərbaycan Qazaxıstanla konsaltinq şirkətinin seçilməsinə dair müqaviləni bağladı ki, artıq konsaltinq şirkət öz işinə başlasın. Ancaq Qazaxıstan tərəfi bu müqaviləni hələ başa çatdırmadığı üçün işlər gecikir. Qazaxıstan tərəfi müqaviləni imzaladıqdan sonra onun icrasına başlanılacaq».
Müqavilənin imzalanma vaxtına gəldikdə, C.Cəfərov bu barədə hələ konkret heç nə deyə bilməyəcəyini, bu prosesin Qazaxıstan tərəfindən asılı olduğunu söyləyib.
Mərkəz direktorunun sözlərinə görə, müqaviləyə uyğun olaraq, konsaltinq şirkət TİƏ-nin hazırlanmasını başa çatdırmalı, bu layihənin əhəmiyyəti ilə bağlı hesablamalar aparmalı, regionda ona tam tələbatı öyrənməlidir. Konsaltinq şirkət öz işini yekunlaşdırdıqdan sonra isə artıq magistralın tikintisi ilə bağlı tender keçiriləcək, eyni zamanda, digər işlərə başlanılacaq.
Qeyd edək ki, XX əsrin ən böyük tikintilərindən sayılan TAE magistralı Çinin Şanxay şəhərindən başlayaraq Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan böyük əhəmiyyətə malik rabitə şəbəkəsidir. TAE-nin Xəzər seqmentində tikinti işlərinin aparılması ilə bağlı artıq Azərbaycanın Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzi və Qazaxıstanın «KazTransCom» arasında protokol imzalanıb. Bu sənədə əsasən, xərclərin 50%-i Azərbaycan, digər 50%-i isə Qazaxıstan tərəfindən ödəniləcək. Hələ 1999-cu ildə aparılan hesablamalara görə, dənizin dibi ilə kabelin tikintisinin dəyəri 10 mln. ABŞ dolları həcmində qiymətləndirilir. TAE seqmenti üzrə Bakı (Azərbaycan)-Astara (İran) xəttinin uzunluğu təxminən 345 km, Bakı-Rusiya xəttinin uzunluğu 250 km, Siyəzən-Aktau xəttinin uzunluğu təxminən 400 km-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR