Bank Of Baku

Azərbaycan paytaxtındakı bəzi poçt şöbələrində pul köçürmələri və mühasibatlıq işləri ilin sonunadək avtomatlaşdırılacaq

Azərbaycan paytaxtındakı bəzi poçt şöbələrində pul köçürmələri və mühasibatlıq işləri ilin sonunadək avtomatlaşdırılacaq
# 27 noyabr 2008 08:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Dünya Bankının (DB) Azərbaycanda həyata keçirdiyi «Maliyyə xidmətlərinin inkişafı Layihəsi» çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi üçün Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin yaradılması üzrə iki modul noyabr ayının sonuna kimi hazır olacaq.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, sistemin nüvəsi olan birinci modul mühasibatlıq işlərini, ikinci modul isə ödənişlərin qəbulu və hesab açılmadan pul köçürmələrini nəzərdə tutur. Poçt xidmətlərinin avtomatlaşdırılmasını nəzərdə tutan üçüncü modul isə ilin sonunadək təhvil veriləcək. Ümumilikdə sistemin tam hazır olması üçün tələb olunan 6 modul üzrə işlər növbəti ilin birinci yarısında tamamlanacaq və bütün xidmətlər avtomatlaşdırılmış şəkildə həyata keçiriləcək.
Sistemin ilk iki modulu istifadəyə verildikdən sonra Bakıda təqribən 20-30 poçt şöbəsi yeni sistemə test rejimində qoşulacaq. Bununla da həmin poçt şöbələrində pul köçürmələri və mühasibatlıq işləri avtomatlaşdırılacaq. Bir ay davam edən sınaq müddətindən sonra isə digər poçt şöbələri də bu sistemə qoşulmağa başlayacaq.
Xatırladaq ki, 2005-ci ilin mayın 24-də imzalanan, oktyabrın 14-dən hüquqi qüvvəyə minən «Maliyyə xidmətlərinin inkişafı Layihəsi»nin ümumi dəyəri 17,5 mln. ABŞ dolları təşkil edir. Bunun 12,5 mln. dollarını DB Azərbaycana kredit kimi ayırıb, qalan 5 mln. dollar isə Azərbaycan hökumətinin payıdır. Layihənin icrası 2009-cu ilin sonuna kimi yekunlaşacaq və bunun nəticəsində «Azərpoçt»un 1200 poçt şöbəsi tam avtomatlaşdırılacaq və poçt şöbələri kredit verilmə əməliyyatı istisna olmaqla, digər bank-maliyyə xidmətləri göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR