Bank Of Baku

Azərbaycan prezidenti ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarını təsdiqləyib

Azərbaycan prezidenti ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydalarını təsdiqləyib
# 28 noyabr 2008 08:44 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkədə daşınmaz əmlak obyektlərinin ünvanları barədə sistemləşdirilmiş məlumat bazasının yaradılmasını təmin etmək məqsədi ilə müvafiq qaydalar təsdiqlənib. Həmçinin, Nazirlər Kabinetinə nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin sənaye üsulu ilə hazırlanması üçün tələb olunan zəruri maliyyə vəsaitinin bir ay müddətində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) ayrılmasını təmin etmək və digər məsələləri həll etmək tapşırılıb.
Bununla yanaşı icra hakimiyyəti orqanları bu fərman qüvvəyə mindiyi günədək nəqliyyat infrastrukturu obyektlərinə verilmiş adların siyahılarının, habelə verilmiş ünvanlar haqqında məlumatların bir ay müddətində DƏDRX-ə təqdim etməlidir. Reyestr Xidməti isə respublika ərazisi üzrə nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin yerləşdirilməsini təmin etməli və bu barədə dövlət başçısına məlumat verməlidir.
Mətbuat xidmətindən bildirilib ki, «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»na əsasən, reyestrin aparılması xüsusi proqram təminatı vasitəsilə elektron daşıyıcılar üzərində həyata keçirilir. Sənədin müddəalarına görə, ardıcıl tikililər sırası yaradan və nəqliyyat infrastrukturu obyektləri boyunca yerləşən daşınmaz əmlak obyektlərinin nömrələnməsi yaşayış məntəqəsinin mərkəzindən kənara doğru soldakı ünvan obyektlərinə tək, sağdakı ünvan obyektlərinə isə cüt nömrələr verilməklə aparılır. Daşınmaz əmlak obyektləri dairəvi istiqamətdə yerləşdiyi halda isə, nömrələnmə saat əqrəbinin hərəkəti istiqamətində (yaşayış məntəqəsinin mərkəzindən istiqamətlənməklə) soldakı daşınmaz əmlak obyektlərinə tək, sağdakı daşınmaz əmlak obyektlərinə isə cüt nömrələr verilməklə həyata keçirilir. Nəqliyyat infrastrukturu (prospekt, küçə və s.) obyektlərinin kəsişməsində yerləşən daşınmaz əmlak obyektinə daha əhəmiyyətli nəqliyyat infrastrukturu obyektinə görə nömrə verilir. Artıq nömrələnmiş daşınmaz əmlak obyektləri arasında yeni inşa edilmiş obyektə iki nömrədən kiçik nömrəyə kəsr xəttindən sonra yeni nömrə verilir, zəruri hallarda isə hərf (Ə, Ö, Ü, I, İ, Ğ, Ç, Ş hərfləri istisna olmaqla A, B, C və s.) əlavə etməklə nömrələnir. İnşaat işləri başa çatanadək inşa edilən daşınmaz əmlak obyektlinə və ya inşaat dövründə istifadə olunan müvəqqəti tikililərə müvəqqəti ünvan verilir.
Qeyd edək ki, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatların müvafiq internet saytında yerləşdirilməsi DƏDRX tərəfindən təmin edilir. Dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu Qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidir. Ünvan reyestrinə daxil edilmiş ünvanın rekvizitləri hesab edilən nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələr dövlət büdcəsi vəsaiti hesabına Xidmət tərəfindən hazırlanır və daşınmaz əmlak obyektlərində yerləşdirilir, lövhələrin nümunələri isə Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
Qeyd edək ki, bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR