Bank Of Baku

Səfir Serik Primbetov: «Qazaxıstan TAE kabel magistralının Xəzərin dibi ilə Azərbaycana çəkilməsinə hazırdır»

Səfir Serik Primbetov: «Qazaxıstan TAE kabel magistralının Xəzərin dibi ilə Azərbaycana çəkilməsinə hazırdır»
# 12 dekabr 2008 15:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qazaxıstan Asiya ilə Avropanı birləşdirəcək Trans-Asiya-Avropa (TAE) kabel magistralı layihəsi çərçivəsində fiber-optik xəttin Xəzər dənizinin dibi ilə Azərbaycana çəkilməsinə hazırdır. «APA-Economics»in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib.
Səfirin sözlərinə görə, artıq bu məsələni Azərbaycan və Qazaxıstanın Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri müzakirə ediblər: «Qazaxıstan tərəfi fiber-optik xəttin Xəzər dənizinin dibi ilə Qazaxıstandan Azərbaycana çəkilməsinə hazırdır. Buna baxmayaraq, tərəflər arasında danışıqlar davam etdirilir».
Qeyd edək ki, fiber-optik xəttin Xəzər dənizinin dibi ilə Azərbaycana çəkilməsi Türkmənistandan da mümkündür və Azərbaycan tərəfi məhz bu seçim qarşısındadır.
Qeyd edək ki, XX əsrin ən böyük tikintilərindən sayılan TAE kabel magistralı Çinin Şanxay şəhərindən başlayaraq Almaniyanın Frankfurt-Mayn şəhərinədək 24 min kilometrlik məsafədə uzanan böyük əhəmiyyətə malik rabitə şəbəkəsidir. TAE-nin Xəzər seqmentində tikinti işlərinin aparılması ilə bağlı artıq Azərbaycanın Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzi və Qazaxıstanın «KazTransCom» şirkəti arasında protokol imzalanıb. Bu sənədə əsasən, xərclərin 50%-i Azərbaycan, digər 50%-i isə Qazaxıstan tərəfindən ödəniləcək. Hələ 1999-cu ildə aparılan hesablamalara görə, dənizin dibi ilə kabelin tikintisinin dəyəri 10 mln. ABŞ dolları təşkil edir. TAE seqmenti üzrə Bakı (Azərbaycan)-Astara (İran) xəttinin uzunluğu təxminən 345 km, Bakı-Rusiya xəttinin uzunluğu 250 km, Siyəzən (Azərbaycan)-Aktau (Qazaxıstan) xəttinin uzunluğu isə təxminən 400 km-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR