Bank Of Baku

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi ilə bağlı işçi qruplarının görüşü yenə təxirə salınıb

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi ilə bağlı işçi qruplarının görüşü yenə təxirə salınıb
# 26 dekabr 2008 08:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycan Dövlət Dəmir Yolu (ADDY), «Rusiya Dəmir Yolları» ASC və İran Dəmir Yollarının işçi qruplarının dekabrın 25-26-da Sankt-Peterburqda (Rusiya) keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədovun sözlərinə görə, iclasın təxirə salınması İran nümayəndə heyətinin tədbirdə iştirak edə bilməməsi ilə bağlı olub. İran tərəfi bununla üçüncü dəfədir planlaşdırılan iclaslara qatıla bilmədiyindən görüşlər təxirə salınır.
Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, çay, avtomobil və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yüklərin həcmi ildə 15 mln. tona qədər artacaq. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub.
Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR