Bank Of Baku

Azərbaycan üç işarəli İnternet domenlərinin tətbiqinə hazırlaşır

Azərbaycan üç işarəli İnternet domenlərinin tətbiqinə hazırlaşır
# 15 yanvar 2009 12:20 (UTC +04:00)
Bakı. Anur Vəliyeva – APA-Economics. Azərbaycanın İnternet domenləri sistemində, o cümlədən *.az domenləri istiqamətində artıq genişləndirmə işləri aparılır. Bu barədə «APA-Economics»ə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
Nazirin sözlərinə görə, Azərbaycanda dövlət, biznes və cəmiyyət nümayəndələrinin iştirakı ilə yaradılmış xüsusi şura mövcuddur və bu şura İnternet domenləri ilə bağlı məsələlərin həlli ilə məşğuldur.
Hazırda bu şura tərəfindən İnternetin Azərbaycan məkanında üç işarəli domenlərdən istifadə məsələsinə də baxılır. Artıq yaxın vaxtlarda Azərbaycanda üç işarəli domenlərin istifadəsinə başlanacaq.
Qeyd edək ki, dekabr ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib. İclasda Şura tərəfindən hazırlanmış «Azərbaycan Respublikasında ölkə kodlu domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları» layihəsi üzrə fikir mübadiləsi aparılıb və sənədin ümumən bəyənildiyi bildrilib. Tədbirdə həmin sənədin növbəti toplantıda müzakirə edilməsi planlaşdırılıb.
Ötən il həmçinin Qaydaların layihəsi geniş müzakirələr üçün ictimaiyyətə təqdim edilib. Bu qaydalar «Telekommunikasiya haqqında» qanuna və domen adların qeydiyyatı üzrə beynəlxalq normalara uyğun hazırlanıb. Layihəyə əsasən, İnternet şəbəkəsinin milli seqmentində domenlərin qeydiyyatı üçün forma qeydiyyatçının saytından və ya *.az zonasında domenlər üçün sorğu mənbəyi olan www.whois.az saytından əldə edilə bilər. Domen adlarının verilməsi ilə bağlı müraciət zamanı ticarət markasına uyğun ad seçmiş sifarişçi və öz fəaliyyət istiqamətinə uyğun ad sifariş edən dövlət orqanına üstünlüyün verilməsi nəzərdə tutulur.
Qeydiyyat formasına 3 iş günü müddətində, onların daxilolma ardıcıllığı ilə baxılacaq. Eyni ad üzrə müraciətə baxıldıqda onların daxilolma vaxtı nəzərə alınacaq. Domen adının birdəfəlik qeydiyyat müddəti maksimum 10 il müəyyən edilib. Dövlət orqanları və yerli bələdiyyələr üçün domen adının qeydiyyat müddətinə isə məhdudiyyət qoyulmur. Milli İnternet şəbəkəsində domenlərin qeydiyyatı və texniki xidməti üzrə ümumi tariflər RİTN-in rəyi əsasında milli inzibatçı tərəfindən təsdiq edilir.
Layihədə göstərilir ki, «Ümumi istifadə» domenləri kimi (generic) com.az, org.az, mil.az, edu.az, biz.az, gov.az, info.az, pp.az, name.az, net.az və int.az domenləri müəyyən edilib. Ehtiyac yarandıqda, digər domenlərin «ümumi istifadə» üçün təyin edilməsinə dair qərar RİTN-in rəyi əsasında milli inzibatçı tərəfindən qəbul edilməlidir.
Domen adının seçilməsi zamanı sifarişçi Azərbaycana aid olan coğrafi adlardan, tanınmış əmtəə nişanlarından, rəsmi və ictimai şəxslərin, təşkilatların adından istifadə etməməlidir. Yeni qaydalara görə, eyni sifarişçidə 10-dan artıq domen adı olduqda, ona domen adının verilməsindən imtina edilə bilər.
Domen adının qeydiyyatı və idarə edilməsi ilə əlaqədar yaranan mübahisələrə Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun baxılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR