İstanbulun Sabiha Gökçen aeroportunda baş vermiş insident səbəbindən sözügedən hava limanının bağlanması ilə əlaqədar "Buta Airways" aviaşirkətinin J2-9103 nömrəli Bakı-İstanbul reysində təyyarənin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.
"APA-Economics"in "Buta Airways"ə istinadən verdiyi məlumata görə, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.
"Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək", - deyə aviaşirkətin məlumatında bildirilir.
Qeyd edək ki, bu gün Sabiha Gökçen hava limanında Birləşmiş Ərəb Əmirliklərindən gələn təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxıb. Bununla əlaqədar Türkiyə vaxtı ilə saat 15:00-dək zolaq uçuş-enmə üçün bağlanılıb.