Azərbaycan Hava Yolları (AZAL) 16 iyun 2026-cı il tarixində Bakı–Şımkent marşrutu üzrə ilk reysini uğurla həyata keçirib.
"APA-Economics"in Şımkentə ezam olunmuş əməkdaşı xəbər verir ki, yeni istiqamətin açılması Azərbaycan və Qazaxıstan arasında hava əlaqələrinin daha da genişləndirilməsi, turizm və biznes əlaqələrinin inkişafı, eləcə də iki ölkə arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AZAL-ın yay uçuş cədvəlinə əsasən, Bakı–Şımkent–Bakı marşrutu üzrə uçuşlar 16–27 iyun 2026-cı il tarixlərində həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
30 iyun 2026-cı il tarixindən etibarən isə reyslərin sayı artırılaraq həftədə üç dəfəyə çatdırılacaq. Bakıdan Şımkentə uçuşlar çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.
Yeni marşrutun açılışı münasibətilə Şımkent şəhərində xüsusi tədbir təşkil olunub. Tədbirdə media nümayəndələri, turizm və aviasiya sektorunun təmsilçiləri iştirak edib. Qonaqlar şəhərin turizm potensialı, mədəni irsi və müasir infrastrukturu ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
AZAL-ın marşrut şəbəkəsinə Şımkent şəhərinin daxil edilməsi sərnişinlər üçün səyahət imkanlarını daha da genişləndirəcək, eyni zamanda milli aviadaşıyıcının Mərkəzi Asiya regionundakı mövqeyinin güclənməsinə və region ölkələri arasında əlaqələrin inkişafına əlavə töhfə verəcək.
Qeyd edək ki, aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.