Avtonom gəminin istismarının əsasları və fəaliyyətinin tənzimlənməsi proseduru müəyyənləşir.
APA xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtonom gəmi səfərin hər hansı bir hissəsində və ya bütün səfər boyunca insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edə bilən mülki təyinatlı gəmidir. Avtonom gəminin operatoru avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxsdir. Məsafədən idarəetmə mərkəzi avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsidir.
Avtonom gəmilərə, məsafədən idarəetmə mərkəzinə və operatora dair tələblər “Nəqliyyat haqqında” qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə dəniz nəqliyyatı sahəsində tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən olunur. Bu Məcəllənin gəmilərə, gəmi heyətinə, gəmilərin və onlara olan hüquqların qeydiyyata alınmasına, dövlət bayraq və liman nəzarətinə, ərazi sularında üzməyə və daşımaların həyata keçirilməsinə dair tələbləri avtonom gəmilərə də şamil edilir.
Avtonom gəmi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən ərazidə hərəkət edə bilər. Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.
“Nəqliyyat haqqında” qanuna təklif edilən dəyişikliyə görə isə avtonom gəminin avtomatlaşdırılmış idarəetmə sistemi avtomatik toqquşmanın qarşısını alma sistemi ilə təchiz olunmalıdır. Dəniz limanlarının və dəniz əməliyyatı bazalarının ərazilərində avtonom gəmilərin hərəkəti liman kapitanının icazəsi ilə həyata keçirilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.