“Əgər Füzuli Beynəlxalq Hava Limanı Qarabağa açılan qapı, Qarabağın açarı idisə, Zəngilan Beynəlxalq Hava Limanı regional olaraq daha böyük bir layihə hesab olunmalıdır”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, Azərbaycanın böyük layihələrdə əlaqələndirici, konnektor rolunu oynaması qida təhlükəsizliyi üçün görülən işlərə də öz töhfəsini verəcək: “Bu layihənin əhəmiyyətini beynəlxalq ictimaiyyət də qiymətləndirməli və Azərbaycana təşəkkür etməlidir. Ötən il Polşadan olan deputatlarla Füzuli Beynəlxalq Hava Limanda olmuşduq. Onlar hər iki hava limanı layihəsini yüksək qiymətləndirmişdilər. Bu, bir daha göstərir ki, Azərbaycan logistika ölkəsinə çevrilməkdədir. Azərbaycanın beynəlxalq nüfuzu meqa layihələrlə ölçülür. Burada əsas əhəmiyyət kəsb edən məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Orta Dəhlizin əhəmiyyəti Zəngəzur dəhlizinin açılması ilə daha da artacaq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli qeyd edib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə nəticəsində regionda yeni reallıq yaranıb: “Makron, Makron kimilər və məlum bədxah qonşularımız istisna olmaqla, bu reallıq beynəlxalq aləm tərəfindən yaxşı qarşılanır. Ona görə də Türkiyə və Azərbaycan prezidentləri tərəfindən keçən il Füzuli Beynəlxalq Hava Limanı kimi bu il də Zəngilan Hava Limanının açılması sülhə dair mesajdır. Eyni zamanda Zəngilanda, Cəbrayılda hər iki prezident tərəfindən mesajlar mühüm verdi. Vacib mesajlardan biri o idi ki, Türkiyə və Azərbaycan birliyi regionda sülhə dair ən ciddi amildir. Eyni zamanda bu birliyə qarşı olanlarla bağlı da Prezident İlham Əliyev çox ciddi mesaj verdi və onlara qarşı bir olduqlarını bildirdi. Digər tərəfdən, Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması regionda prosesləri daha da sürətləndirəcək”.
Deputat Razi Nurullayev Zəngilan Beynəlxalq Hava Limanının açılmasının tariximizin ən zəngin səhifəsi olduğunu vurğulayıb: “Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin ikinci dəfə Qarabağa eniş etməsi bizə barmaq silkələyən ölkələrə cavabdır. Zəngilan Beynəlxalq Hava Limanı Zəngəzur dəhlizinin açılmasının ilkin mərhələsidir. Bu hava limanı koridora qarşı müqavimət göstərən ölkələri çıxılmaz vəziyyətdə qoyur. Artıq ortada reallıq var, başqa koridorlara ehtiyac yoxdur. Zəngəzur hər kəsin maraqlarına cavab verir. Yadımdadır ki, daxildə radikal qüvvələr, xaricdə isə xainlər Qarabağda hava limanlarının tikintisinə maneçilik törətmək istəyirdi. Qoy indi reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan xalqından üzr istəsinlər”.