Bank Of Baku

“Akkord” Qazaxıstanda 107 kilometrlik yolun tikintisini başa çatdırıb

“Akkord” Qazaxıstanda 107 kilometrlik yolun tikintisini başa çatdırıb
# 10 dekabr 2014 16:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. “Akkord” Korporasiyası Qazaxıstanda “Qərbi Avropa-Qərbi Çin tranzit koridoru” layihəsi çərçivəsində Qızılorda vilayətindən keçən yolun 107 kilometrlik hissəsinin tikintisini başa çatdırıb.

 

“Akkord”un mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2010-cu il martın 15-də start verilən bu layihə üzrə işlər “Akkord” Korporasiyasının Qazaxıstandakı filialı ilə Türkiyənin “Okan Holdinq” şirkətinin yaratdığı “Akkord-Okan JV” birgə müəssisəsi tərəfindən həyata keçirilib.

 

Ümumilikdə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq layihəsinin (Central Asia Regional Economic Cooperation - CAREC) Cənub-Qərbi yol layihəsi Avropanı Çinlə birləşdirən 2787 kilometrlik beynəlxalq əhəmiyyətli yolun tikintisini nəzərdə tutur. 

 

Bu yolun Qazaxıstanın Qızılorda vilayətində keçən 52 km-lik (lot 6, km 1650 – km 1702) və 55 km-lik (lot 8, km 1752 – km 1807) hissəsinin tikintisi ilə bağlı sazişə “Akkord” 2009-cu ilin dekabrında qoşulub. Layihənin sifarişçisi qismində Qazaxıstan Nəqliyyat və Rabitə Nazirliyinin Avtomobil Yolları Komitəsi, maliyyəçi qismində isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı çıxış edib. Layihənin dəyəri 155,8 mln. dollara bərabərdir. 

 

IIB kateqoriyalı, eni 9 m olan biristiqamətli yolun tikintisinə  “Akkord” tərəfindən 1000-ə yaxın işçi qüvvəsi (80 faizini yerli əhali təşkil edib), 400-dək maşın və mexanizm cəlb edilib.

 

Ötən dövr ərzində intensiv şəkildə davam edən işlər nəticəsində yol tikintisi üçün mürəkkəb qrunta malik olan ərazidə 3.324 000 m3 torpaq, 324 000 m3 asfalt işləri görülüb, layihə çərçivəsində ərazidə 2 asfalt, 1 beton, 1 qum-çınqıl zavodu quraşdırılaraq təyinatı üzrə istifadə edilib.  Yolda iki lot üzrə 14 körpü, 2 dairəvi yolötürücüsü, 88 suötürücü boru, 6 heyvan keçidi inşa edilib, 282 ədəd işıqlandırma dirəkləri quraşdırılıb. Hər iki lot üzrə işləri eyni vaxtda davam etdirən “Akkord” 2014-cü il oktyabr ayının 15-də 6-cı lot üzrə, noyabr ayının 5-də isə 8-ci lot üzrə tikinti işlərini müvəffəqiyyətlə tamamlayıb. 

 

Korporasiyanın yol-nəqliyyat infrastrukturunun tikintisi sahəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq Qazaxıstan Respublikasının müvafiq dövlət qurumları tərəfindən yüksək qiymətləndirilib.

 

Qeyd edək ki, bu layihə “Akkord”un Qazaxıstan Respublikasında icra etdiyi ilk və son layihə deyil. Belə ki, hələ Qızılorda layihəsi üzərində işlər davam edərkən qazanılan etibar sayəsində “Akkord” bu ölkədə beynəlxalq CAREC layihəsi çərçivəsində keçirilən daha bir tenderin qalibi olub və İtaliyanın “Todini” və “İmpregilo” şirkətləri ilə birgə 37 km-lik beton örtüklü Çimkənd-Daşkənd yolunun tikintisi layihəsinə qoşulub. Hazırda bu layihə üzrə işlər sürətlə davam edir və cari ilin noyabr ayına olan məlumatlara görə, bu layihədə baş podratçı qismində çıxış edən “Akkord” tərəfindən artıq yolun 14 km-dək hissəsində betonqoyma işləri həyata keçirilib.

 

IA kateqoriyalı, 4 zolaqlı, 22 metr enində olan yolun tikintisinə 2014-cü ilin fevralında start verilib. İşlərin 2015-ci ilin yayında yekunlaşması nəzərdə tutulub.

 

Xatırladaq ki, CAREC layihəsi çərçivəsində 8 ölkə və 6 Beynəlxalq Maliyyə İnstitutu iqtisadi inkişafı sürətləndirmək və yoxsulluğun azaldılması sahəsində iqtisadiyyata investisiyalar yolu ilə əməkdaşlıq edir. Bura Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Çin, Tacikistan və Özbəkistan kimi ölkələr daxildir. Proqramın maliyyələşməsi Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, İslam İnkişaf Bankı, Birləşmiş Millətlər İnkişaf Proqramı və Dünya Bankı tərəfindən həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR