Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dəmir yolu boyunca sanitariya-mühafizə zonasının çirkləndirilməsinin qarşısının alınması üçün tədbirlər planı hazırlayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katiblyiinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC İnfrastruktur Departamentinin Yol xidmətinin kollektivləri tərəfindən baş yolların kənarlarının, dəmir yolunun təhkim zolağının və sanitariya-mühafizə zonası qısa müddətdə məişət tullantılarından təmizlənib.
Bütün istiqamətlərdə marşrut boyu, bir yerdə də olsun, qalaqlanmış məişət tullantılarına rast gəlinməyib. Yaşayış məntəqələrinə yaxın yerlərdə zibil qutuları qoyulub və məişət tullantılarının atılması üçün quyular qazılıb. “Azərbaycan Dəmir Yolları” QSC olaraq, dəmir yolunun təhkim zolağına yaxın ərazidə yaşayan vətəndaşlardan xahiş edir ki, məişət tullantılarını müəyyən olunmuş yerlərə atsınlar: “Bu, qatarların hərəkətinin ahəngdarlığının, təhlükəsizliyinin təmin olunmasında, ekoloji təmizliyin qorunmasında çox mühüm amillərdən biridir. Dəmir yolunun təhkim zolağının və sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciəti nazirlikdə araşdırılıb, hazırda bu istiqamətdə əlbir fəaliyyət göstərilir.