“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində “Qazaxstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Bayırcan Urınbasarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib.
Sonra Azərbaycan Dəmir Yolunun lokomotiv parkının yenilənməsi istiqamətində gələcəkdə Qazaxıstandan manevr teplovozlarının alınması, dəmir yolu sahəsinin inkişaf etdirilməsi, tranzit yüklərin həcminin artırılması məsələləri müzakirə olunub. Görüşdə “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Bayırcan Urınbasarov və “Qazaxıstan İnkişaf Bankı” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədr müavini Kanat Dosmukametov çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.