Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Fəaliyyətinin 19-cu ildönümünü qeyd edən “Azercell Telekom” müştərilərinə operativ və keyfiyyətli xidmət göstərməsi istiqamətində növbəti yenilik tətbiq edib.
“Azercell Telekom”dan “APA-Economics”ə verilən məlumata görə, şirkət ötən həftə keçirilmiş “BakuTel 2015” beynəlxalq sərgisindəki stendində təqdim edilən və ziyarətçilərin marağına səbəb olan tam yeni konsepsiyalı ilk “Azercell Ekspres” ofisini abunəçilərinin ixtiyarına buraxıb.
Yeni “AzEks” ofislərində abunəçilərin özlərini daha rahat və sərbəst hiss etməsi üçün hər cür şərait yaradılıb. İstər dizaynda istifadə olunan yeni yanaşma, istərsə də, mobil telekoma aid yeniliklərlə detallı tanışlıq üçün açıq sahələrə yerləşdirilən cihazlar müştərilərin rahatlığına yönəlib. Qeyd edilən cihazlar və telefon aksessuarlarından müştərilərimiz yerində test edərək öz seçimlərini edə biləcəklər.
Eyni zamanda, həmişə olduğu kimi müştərilərin tam rahatlığı üçün bütün mobil cihazların seçimində tam bələdçilik birbaşa “Azercell”in peşəkar əməkdaşları tərəfindən təqdim ediləcək. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Yeni konsepsiyalı ilk “AzEks” ofisi dekabrın 14-dək Bakı şəhəri, 28 may küçəsi 33 ünvanında abunəçilər üçün açıqdır.
Xatırladaq ki, məhz “Azercell Telekom” 2004-cü il avqustun 27-də Bakıda ilk “Azercell Ekspres” ofisini istifadəyə verməklə, MDB dövlətləri arasında öz abunəçilərinə bir nöqtədə üç xidmət konsepsiyasını təqdim edən ilk şirkət olub. Öz şəbəkəsini və əhatə dairəsini daim genişləndirən “Azercell”in hazırda Bakıda 15, regionlarda isə 35 Ekspres Ofisi fəaliyyət göstərir.
Bundan əlavə “Azercell”in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti Mərkəzi mövcuddur. Ümumilikdə isə Azərbaycan üzrə Ekspes ofislərinin sayı 50-yə çatıb. Əlavə olaraq onu da nəzərinizə çatdıraq ki, Asan-1, Asan-2, Asan-3 Xidmət Mərkəzləri və Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərində də “Azercell” şirkətinin müştəri xidmətləri fəaliyyət göstərir.
Abunəçilərinin operativ və keyfiyyətli xidmətdən istifadəsini təmin etmək üçün “Azercell” bütün ölkə boyu yeni konsepsiyalı “Ekspres” ofislərinin sayını artırmaqda davam edəcək.