Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azercell”in əməkdaşı İnformasiya Texnologiyaları və Mühəndislik (SITE) Məktəbinin həyata keçirdiyi “SITE Scientific Seminars” proqramına dəstək olub.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, proqram çərçivəsində keçirilən görüşlərdən biri də Azərbaycan Diplomatiya Akademiyasında (ADA) baş tutub. Bu dəfə mühazirəçi qismində “Azercell”in Məhsul və Xidmətlərin test olunması bölümünün rəhbəri Cavid Kərimov çıxış edib.
C.Kərimov Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Avtomatlaşdırılmış İdarəetmə Sistemləri, daha sonra isə ADNA və Corciya Universitetində MBA proqramı üzrə Kompüter İnformasiya Sistemləri ixtisasına yiyələnib.
““Azercell” öz məhsullarını necə test edir?” adlanan seminarda C.Kərimov “Proqram təminatının test edilməsi“, proqram təminatının yoxlanılması haqqında ilkin anlayışlar, proqram təminatının test edilməsi prinsipləri haqqında öz bilgilərini tələbələrlə bölüşüb. Mühazirəçi, eyni zamanda “Azercell” şirkəti öz məhsullarını hansı şəkildə test edir, müştəriləri keyfiyyətli məhsul ilə təmin etmək üçün hansı və neçə mərhələli test üsullarından istifadə etməsi haqqında məlumatları da seminar iştirakçılarına çatdırıb. Daha sonra isə bu bilgilərin daha yaxşı mənimsənməsi üçün qrup məşğələləri keçirilib.
Məlumat üçün bildirək ki, İnformasiya Texnologiyaları və Mühəndislik (SITE) Məktəbi ölkənin inkişaf prioritetlərinə uyğun olaraq, müasir tələblərə cavab verən yüksək ixtisaslı İT mütəxəssisləri və mühəndislər potensialının yaradılması məqsədilə 2012-ci ildə təsis olunub.
“Azercell”in yüksək ixtisaslı mütəxəssisləri bundan sonra da öz bilik və bacarıqlarını tələbə və gənclərlə müxtəlif seminar, mühazirə və məşğələlər vasitəsilə bölüşməyə davam edəcəklər.