Bank Of Baku

“Azərkosmos” və “İntelsat” orbitə yeni peyk qaldırmaq məqsədilə əməkdaşlığa başlayıb

“Azərkosmos” və “İntelsat” orbitə yeni peyk qaldırmaq məqsədilə əməkdaşlığa başlayıb
# 18 fevral 2015 08:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat S.A.” (NYSE: I) 45° şərq uzunluğu orbital mövqeyinə yeni peyk qaldırmaq barədə strateji razılaşma imzalayıblar.

 

“Azərkosmos” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da, “Azərkosmos” Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrində artan tələbi qarşılayacaq ikinci telekommunikasiya peyki üçün orbital mövqe əldə edib. İki şirkət növbəti iki il ərzində “Azerspace-2” peykinin dizaynı üçün yaxından əməkdaşlıq edəcək və peykin istehsalı və idarə olunması mərhələlərində bir-birlərinin imkan və təcrübələrindən bəhrələnəcəklər. “Azerspace-2” regionda DTH, hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.

 

Yeni peyk həm də birinci telekommunikasiya peyki olan “Azerspace-1”in orbitdəki ehtiyatı olacaq və “Azərkosmos”a müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, “Azerspace-2” sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

 

“İntelsat ilə əməkdaşlığımız həm regionda mövqelərimizi gücləndirəcək, həm də bizə imkan verəcək ki, xidmətlərimizin əhatə zonasını effektiv şəkildə genişləndirək”, - deyə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev bildirib.

 

“İntelsat” şirkətinin baş icraçı direktorunun müavini Stefan Spenqler isə Azərkosmos ilə əməkdaşlığın onlara hazırki aktivlərindən istifadə etməklə tutum əldə etmək və orbital hüquqlarının dəyərini artırmaq imkanı verəcəyini bildirib.

 

“Azerspace-2”nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Sahara səhrasında cənubda yerləşən Afrika ölkələrini əhatə edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR