Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakcell” şirkəti mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 2014-cü ilin sentyabr ayında start verilən “AppLab” innovativ mobil developer layihəsinin ilk iki məzun komandası tərəfindən yaradılan mobil tətbiqləri təqdim edib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, I mobil tətbiq “Bethclip” adlanır. “Bethclip” istənilən kontenti (mətn, şəkil, media, fayl) istənilən platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə bir kliklə ani olaraq köçürmək imkanı yaradır.
“Bethclip” mobil tətbiqini “Android” platformalı cihazlar üçün “Google Play Store” daxil olaraq https://play.google.com/store/apps/details?id=com.bethclip.android linkindən, “Apple Store”dan isə https://itunes.apple.com/us/app/bethclip-clipboard-sync/id957669022 linkindən yükləmək olar. Mübadilə buferinin ani sinxronlaşdırılması xassəsinə malik olan bu tətbiq gündəlik işlərimizə rahatlıq və komfort gətirə biləcək birklikli inqilabi həllərdən biridir.
Gənc məzunlar komandası tərəfindən təqdim olunan daha bir maraqlı ideya “xərcim.az” mobil tətbiqidir. “Xərcim.az” layihəsi hal-hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə loyallıq sistemlərini bir yerdə toplayaraq, həmin sistemlər, istifadəçilərə verilən üstünlüklər, xüsusi və toplu təkliflər, qənaət etmə yolları və tərəfdaşlar haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır. “Xərcim.az” mobil tətbiqini “Google Play Store” daxil olaraq https://play.google.com/store/apps/details?id=az.xercim yükləmək olar.
“AppLab” ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilən “developer”lərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilən icra modelidir. Bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirmələrinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqlərini yaratmalarına kömək edən effektiv alətlərin təmin edilməsidir.
“Azərbaycan bazarında smartfon istifadəçilərinin artan tələbatlarını təmin etmək üçün “Bakcell” “developer”lərə dəstək məqsədini daşıyan “Applab” layihəsini təqdim edib. Biz inanırıq ki, “Bakcell” şirkətinin dəstəyi ilə yaradılan “Bethclip” və “xercim.az” tətbiqləri çox uğurlu olacaq və yaxın gələcəkdə biz daha çox “Applab” layihələrini təqdim edə biləcəyik”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
2014-cü ilin sentyabr ayından indiyə kimi “Applab” layihəsində iştirak etmək üçün 102 ərizəçi qeydiyyatdan keçib. Seçilmiş 56 namizəd arasından təqdim olunmuş 25 ideyadan 15-i “Applab” idarə heyəti tərəfindən bəyənilib və onlardan 6-sı proqramda iştirak etmək hüququnu qazanıblar.
“AppLab” layihəsində iştirak etmək üçün gənc “developer”lər sadəcə “http://goo.gl/6nrfkF” linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini bu ünvana göndərməlidirlər: [email protected]