Bakı. Yeganə Laçınzadə - APA-Economics. “ULTRA Tecnologies” şirkəti, “Bakı Metropoliteni” QSC-də 1C 8.3 üzərində maliyyə və mühasibat uçotunun avtomatlaşdırılması məqsədi ilə cari ilin əvvəlində metropolitenlə birgə əməkdaşlığa imza atıb.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, metropolitendə tətbiq ediləcək 1C 8.3 mühasibat proqramı vasitəsilə müəssisənin əsas vəsaitlərinin və qeyri maddi aktivlərinin, mal-material və azqiymətlilərinin uçotunun aparılması, statistik və digər hesabatların hazırlanması, müəssisənin əməkdaşlarının əmək haqlarının hesablanması və ödənilməsi, ümumiyyətlə maliyyə məlumatların sistemləşdirilməsinə imkan yaradacaq.
Bundan əlavə, tikinti işlərinin smetasının tərtibi, pul vəsaitlərinin idarə olunması, izlənməsi, xərclərin qruplaşdırılması, smeta üzrə qalıq hesabatların hazırlanması, qəbul edilmiş obyektlərin balansa götürülməsi və s. də sistemin yaratdığı funksional imkanlardır. Bu sistem metropolitenin tabeliyində olan baş idarənin və 26 qurumun işinin vahid mərkəzdən idarə edilməsinə imkan verəcək.
Şirkət analitikləri bildiriblər ki, sistemin tətbiqi nəticəsində “Bakı Metropoliteni” QSC maliyyə, uçot siyasətinin effektivliyinin təşkil olunması və optimallaşdırılması, beynəlxalq İFRS hesabatlarına keçid və digər üstünlüklərə malik olacaq.