Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün “Elektron Hökumət” bülleteninin fevral sayının təqdimatı keçirilib.
“APA-Economics"in məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov bildirib ki, bülleten ayda bir dəfə dərc olunur. Məqsəd isə “Elektron Hökumət” quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaqdır.
Bundan başqa bülletendə “Elektron Hökumət” portalı, tətbiq olunan yeni elektron xidmətlər, “Elektron sənəd mübadiləsi”, “Elektron imza” infrastrukturu və xarici ölkələrin İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır. Bu yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunması məqsədilə bu aydan etibarən hər ayın ilk 10 günündə “Elektron Hökumət” bülleteni üzrə brifinq keçiriləcək.
N.Mərdanovun sözlərinə görə, “Elektron Hökumət” portalın daxil olanları sayı hər gün artır. “Portalda ən çox istifadə olunan xidmətlər əmək və əhalinin sosial müdafiəsi sahəsindən təqdim olunan xidmətlərdir. Bununla yanaşı, son dövrlər Təhsil Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin və digər qurumların təqdim etdiyi elektron xidmətlərə də müraciətlər çoxalıb. Eyni zamanda, 20-yə yaxın bank elektron arayış əsasında istehlak krediti verməyə başlayıb. Təkcə yanvar ayında 18 mindən artıq iş yerinə aid arayış verilib”, - deyə N.Mərdanov qeyd edib.
Qeyd edək ki, fevralın 1-nə olan statistikaya əsasən elektron hökumət portalına daxil olanların sayı 1 mln. 203,760 min nəfərdən çoxdur. Ümumilikdə isə üç il ərzində elektron hökumət portalına elektron xidmətlərdən istifadə üçün olunan müraciətlərin sayı 7 mln. 244,687 min təşkil edir.