Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Nar” özünün yeni brendi və I Avropa oyunları ilə rəsmi tərəfdaşlığa həsr olunan pavilyonu geniş ictimaiyyətə təqdim edib.
Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, pavilyonda “Nar” ilə Avropa oyunlarının bölüşdükləri ümumi dəyərlər təşviq olunur. Mobil operatorun hər bir fərdə dəstək verdiyi, lakin birlik və bərabərliyi də yüksək qiymətləndirdiyi bu məkanda xüsusi vurğulanır.
“Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili və “Bakı 2015”in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qonaqları salamlayaraq, Avropa oyunlarının Azərbaycan üçün olan əhəmiyyətindən söhbət açıblar və onları bu möhtəşəm idman tədbirindən zövq almağa dəvət ediblər. Maknili həmçinin “Nar” ilə Avropa oyunları arasındakı sıx tərəfdaşlıqdan bəhs edib və qonaqlara “Nar” pavilyonu haqqında qısa məlumat verib.
Rəsmi hissədən sonra Kent Maknili mobil operatorun yeni “Nar bağı” brend fəlsəfəsinə uyğun olaraq, tədbirin xüsusi qonaqları – tanınmış mətbuat nümayəndəsi Elnur Baimov, şoumen Murad Dadaşov və aparıcı Nərgiz Cəlilovanı pavilyonun kənarında simvolik ağac əkməyə dəvət edib.
Qeyd edək ki, bu pavilyonda qonaqlar “Nar” brendinin yenilənmə tarixçəsi ilə yaxından tanış olacaq, su səthində unikal videogörüntü izləmək şansı əldə edəcək, Avropa oyunları atmosferinə qərq olacaq, fotolar çəkdirəcək və “Nar” operatorundan müxtəlif hədiyyələr alacaqlar.
Pavilyonun fəaliyyət saatları 14:00-dan gecəyarısı saat 00:00-dəkdir.