Bakı. Vüsal Nəbiyev – APA-Economics. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin rəhbərliyi ilə birgə görüş keçirilib.
Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumat görə, görüşün mövzusu Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına əsasən təsdiq edilmiş elektron xidmətlər siyahısı üzrə "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətinin elektronlaşdırılması və portal üzərindən "bir pəncərə" prinsipinə uyğun olaraq vətəndaşlara təqdim edilməsi olub.
Hər iki qurum arasında öncə müvafiq xidmətin məqsədəuyğun təşkili üzrə müzakirələr aparılıb. Portal üzərindən təqdim olunacaq xidmətin asanlığı və səmərəliliyi, həmçinin, virtual olaraq vətəndaşlara göstəriləcək xidmətin məzmunu və keyfiyyəti danışılıb.
Daha sonra, "Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" xidmətinin elektronlaşdırılması üçün mövcud texniki imkanlar barədə müzakirə aparılıb. Sözügedən xidmətin Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq texniki qaydalara uyğun hazırlanması üçün zəruri informasiya və portala qoşulma sxemi qurum nümayəndələrinə təqdim edilib.