Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azercell Telekom” MMC ötən il aktivlərini artırıb. “APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “Azercell Telekom”un məcmu aktivləri 2014-cü illə müqayisədə 18,6% artaraq 849,912 mln. manat olub.
Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 491,423 mln. manat, qısamüddətli aktivləri 358,489 mln. manat təşkil edib.
Hesabat dövründə şirkətin öhdəlikləri 12,2% artaraq 83,242 mln. manat olub. 2015-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 15,170 mln. manat, qısamüddətli öhdəlikləri isə 68,072 mln. manat təşkil edib.
Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 42 mln. 80 min manat, məcmu kapitalı isə 19,3% artaraq 766,670 mln. manat təşkil edib.
2015-ci ildə “Azercell Telekom”un cəmi gəlirləri 410,859 mln. manat, cəmi xərc və məsrəflər isə 250,139 mln. manat olub.
Şirkətin ötən il əldə etdiyi mənfəət və cəmi məcmu gəlirləri 254,112 mln. manat təşkil edib.