Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi başa çatdırılıb, Ağdaş şəhərində isə bu işlər 70% icra olunub.
"APA-Economics"in məlumatına görə, bunu prezident İlham Əliyevin sədrliyi ilə keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
Onun sözlərinə görə, artıq hər üç şəhərin sakinləri yeni mənbələrin suyundan istifadə edir: "Bununla yanaşı, Göyçay şəhərində kanalizasiya şəbəkəsinin 97, Beyləqan şəhərində 92, Ağdaş şəhərində isə 70%-nin tikintisi başa çatdırılıb".
Q. Hüseynov bildirib ki, 2014-cü ildə daha bir beynəlxalq maliyyə qurumu - İslam İnkişaf Bankı ilə layihənin icrasına başlanılıb. “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində Gədəbəy və Astara şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına start verilib. 2015-ci ildə bu layihə çərçivəsində Daşkəsən, Tərtər, Qazax və Samux, həmçinin Ağcabədi və Qobustan şəhərlərində infrastrukturun yenidən qurulmasına başlanılacaq”.
O qeyd edib ki, rayon mərkəzləri və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur: "Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilib. Digər şəhərlərdə isə onların layihələndirilməsi və tikintisi davam etdirilir”.
Q. Hüseynov deyib ki, Dövlət Proqramında içməli sudan əziyyət çəkən kəndlərdə də layihələrin icrası nəzərdə tutulub : "Ötən il düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapıb. Eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilib. Hesabat dövründə Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də işlər görülmüş, nəticədə 35 min nəfərin su təminatı yaxşılaşıb. Dövlət Proqramı çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılmış, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilib".
"Azərsu" rəhbəri Dövlət Proqramının icrasının birinci ilində "Azərsu" ASC tərəfindən regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilmiş, 50 min ədəd smart sayğac quraşdırıldığını deyib. O qeyd edib ki, Dövlət proqramlarında nəzərdə tutulmuş işlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların xüsusi çəkisi 7,5% artaraq 62,5%-ə çatdırılıb".