Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azərsu" ASC-nin "Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində "Kompleks Təlim Planı" layihəsinin icrasına start verilib.
Qurumun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, regionlarda təşkil olunacaq təlimlərdə "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin, bölgələrdə fəaliyyət göstərən digər qurumlarının 9 vəzifə və peşə istiqaməti üzrə (energetik, mexanik, metrologiya üzrə mühəndis, su və kanalizasiya şəbəkələrinin mühəndisi, içməli və çirkab su təmizləyici qurğuların mühəndis texnoloqları, su kəməri təsərrüfatında nəzarətçi, mühasib, kompüter operator, kadrlar üzrə müfəttiş) işçilərin iştirakı nəzərdə tutulur.
İyunun 22-də qərb bölgəsi üzrə start götürən təlimdə “Gəncə Sukanal” TSC, Qazax, Ağstafa, Gədəbəy, Şəmkir, Tovuz, Daşkəsən, Goranboy, Göygöl, Naftalan, Samux rayon sukanal idarələrinin 207 nəfər işçisinin iştirakı nəzərdə tutulub. İyulun 7-dək davam edəcək təlimlər Daşkəsən və Gəncə şəhərlərində təşkil olunacaq.
Təlimlər seminar və praktiki məşğələlər formasında keçirilir. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar nəzərdə tutulub.
Ümumilikdə "Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində “Azərsu” ASC-nin 1000-dən artıq əməkdaşının müvafiq vəzifələr və peşələr üzrə təlimlərə cəlb olunması nəzərdə tutulur.