Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan prezidentinin 29 mart 2016-cı il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasına başlanılıb. “Azərsu” ASC əhali qrupu istehlakçılarının smart tipli suölçən cihazlarla təmin edilməsi məqsədilə tender elan edib.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, sərəncama əsasən, əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycanın 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan “Azərsu”ya 12 mln. manat ayrılıb.
Tenderin şərtlərinə görə, sayğaclar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda quraşdırılacaq. Ümumilikdə sayğaclaşma işləri 36052 həyət, 13948 bina evi üzrə aparılacaq. Sayğacların quraşdırılması işlərinin 2016-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, tender elanının tam mətni www.azersu.az saytının “Tender və elanlar” bölməsində yerləşdirilib.
Qeyd edək ki, istehlakçıların smart tipli suölçən cihazlarla təmin olunması işlərinə 2012-ci ildən başlanıb. Bu ilin aprelin 1-ə olan məlumata görə, “Azərsu” tərəfindən 417 min 550 smart sayğac quraşdırılıb. Quraşdırılmış sayğacların 381 min 381 ədədi əhali, 36 min 169 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür. Ötən müddətdə Bakı şəhəri və Abşeron yarımadasında 244 min 997, regionlarda isə 172 min 553 ədəd smart sayğac quraşdırılıb.