Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azəryolservis” ASC-də 2015-ci ilin yekunlarına və 2016-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, iclasda “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.
Respublikanın bütün bölgələrində irimiqyaslı layihələrin həyata keçirildiyini bildirən S. Məmmədov bu çərçivədə kənd yollarının yenidən qurulmasının da xüsusi əhəmiyyət kəsb etdiyini əlavə edib.
İclasda qeyd olunub ki, 2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib, yenidən qurulub, təmir olunub.
Bakı şəhəri üzrə isə 144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, təmir olunub, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel, 9 ədəd piyada keçidi istismara verilib. Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal edilib, 38,6 min ton bitum və 2 508 ton mazut istifadə edilib.
Bundan başqa, 2015-ci il ərzində 112,1 km təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min kvadratmetr sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 100 min kvadratmetrdən artıq sahədə çala təmiri işləri yerinə yetirilib.
S. Məmmədov kənd yollarının tikintisinin sürətləndirilməsi ilə bağlı 2016-cı ildə də genişmiqyaslı işlərin aparılacağını qeyd edib. Bununla bağlı cəmiyyət sədri tərəfindən müvafiq idarə və şöbələrin rəhbərlərinə göstərişlər verilib.