Bakı - APA-Economics. "Azəryolservis" ASC-nin Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən "Tatra servis mərkəzi" fəaliyyətə başlayıb.
"Azəryolservis" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bu münasibətlə mərkəzin rəsmi açılış mərasimi keçirilib. Açılışda “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri iştirak ediblər.
S. Məmmədov ilk öncə mərkəzin inzibati binasında yaradılan şəraitlə tanış olub.
Daha sonra mərkəzin təmir sexlərinə və yardımçı sahələrə baxış keçirilib. Sexlər və yardımçı sahələr Çexiya istehsalı olan yükü özüboşaldan “Tatra” markalı maşınlarının təmiri, həmçinin texniki qulluğu üçün bütün lazımi alət və müasir dəzgahlarla təchiz edilib. Burda çalışan bütün işçilərin əmək şəraiti yüksək səviyyədə təşkil olunub, təhlükəsizlikləri təmin olunub. Mərkəzdə eyni anda 10 ədəd yükü özüboşaldan “Tatra” markalı maşınlarının təmiri və texniki qulluğu həyata keçirilə bilir.
“Tatra servis mərkəzi”ndə təmir zamanı istifadə oluna biləcək orijinal ehtiyyat hissələrinin saxlanıldığı anbar, işçilər üçün paltar dəyişmə və ilkin tibbi yardım otaqları, həmçinin yeməkxana da mövcuddur.
İşsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə mərkəzdə onlarla işsiz qəsəbə sakini müvafiq işlə təmin olunublar. Belə ki, mərkəzdə təxminən 50 nəfər işçi çalışır və əksəriyyəti də yerli qəsəbə sakinləridir.
Qeyd edək ki, “Tatra servis mərkəzi” Çexiyanın “SaZ s.r.o.” şirkəti ilə “Azəryolservis” ASC arasında imzalanmış müqavilə əsasında inşa edilib.