Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bakı innovasiyalar, o cümlədən hərtərəfli internet sahəsində regional mərkəzə çevrilə bilər".
"APA-Economics" xəbər verir ki, bunu şəbəkə avadanlığının işlənib hazırlanması sahəsində ixtisaslaşmış ABŞ-ın transmilli şirkəti “Cisco”nun Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sparrou bəyan edib.
C. Sparrounun sözlərinə görə, Azərbaycan öz vətəndaşlarının həyatının rahatlaşdırılması məqsədilə innovasiyalı texnologiyalara və onların tətbiqinə böyük diqqət ayırır. Əgər Azərbaycan diqqətini müasir texnologiyaların tətbiqinə yönəltsə, ölkə öz sürətli inkişafını qeyri təbii sərvətlər hesabına da davam etdirə bilər.
Şirkət rəsmisi qeyd edib ki, hazırda "Cisco" şirkəti "ASAN Xidmət" ilə sıx əməkdaşlıq edir. Şirkət həmçinin 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının keçirilməsi layihəsini də dəstəkləyir.
"ASAN-da fəaliyyət göstərən və daim inkişaf edən innovasiyalar mərkəzi də bizə müsbət təsir bağışladı. "Ağıllı" və təhlükəsiz şəhər konsepsiyası yeni biznes-modellərin, texnologiyaların, tətbiqetmələrin yaradılması üçün bir platform təqdim edir ki, bu sahənin də potensialı qlobal mobil tətbiqetmələr bazarının potensialından heç də kiçik deyil. Həm də, bu gün Bakıda yaradılan məhsullar bir müddət sonra Hindistan, ABŞ, Avropa ölkələrinin bazarlarına çıxa bilər. Bu cür texnologiyaların xaricə ixracı çox asan reallaşır, və sürətlə genişlənir", - deyə o qeyd edib.