Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Elektron hökumət" portalının yeni versiyası hazırlanaraq vətəndaşların istifadəsinə verilib.
Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, portalın yeni versiyası hazırlanarkən xidmətlərin istifadəçiyönümlü olması və vətəndaşlar tərəfindən daha sadə və daha rahat şəkildə istifadəsi əsas prioritet götürülüb.
İstifadə səmərəsini yüksəltmək məqsədilə portalda "Bütün xidmətlər", "Elektron arayışlar", "Elektron ödənişlər", Qeydiyyatsız xidmətlər", "Xüsusi razılıq (Lisenziyaların verilməsi)", "Həyat hadisələri", "Sahələr", "Yerli İcra Hakimiyyətləri", "Müraciətlər" kimi xidmət qrupları formalaşdırılıb.
Artıq "Elektron hökumət” portalında 157 Zəng - Çağrı Mərkəzinə gün ərzində daxil olan zənglərin sayını da görmək mümkündür.
Portalın istifadəçiləri "Online konsultasiya”, "Əks əlaqə”, "Mənim xidmətlərim” kimi funksionallıqlardan yeni versiyada da faydalana biləcəklər.