Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Nar” "BakuTel-2015" XXI beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisində iştirak edir.
"APA-Economics"in xəbərinə görə, mobil operator hər il olduğu kimi bu il də özünün ən son yeniliklərini - innovativ məlumat bazası olan “Cloud” xidməti və 4G (LTE) yüksək sürətli internet bağlantısını təqdim edib. Qeyd etmək lazımdır ki, “Nar”ın təqdim etdiyi 4G (LTE) və 3G (HSDP+) şəbəkəsindən daha da genişi ölkədə mövcud deyil.
“Cloud” Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq “Nar” tərəfindən təqdim olunan təmamilə yeni bir məhsuldur. “Cloud” xidməti bütün məlumatların bir mərkəzdə cəmləşməsinə imkan verən, məlumatın təhlükəsizliyini təmin edən və sistemin davamlı mükəmməlləşməsinə şərait yaradan bir yenilikdir. Bu innovativ məlumat bazasına müxtəlif cihaz və yerlərdən qoşulmaq mümkündür. Məlumat bazasına daxil olan bütün mənbə və ya qurğular eyni fayl üzərində əməliyyat aparırlar.
“BakuTel-2015” sərgisi çərçivəsində “Nar” mobil operatorunun KİV təmsilçiləri ilə növbəti görüşü də baş tutub. Mətbuat nümayəndələrini son nailiyyətləri ilə yaxından tanış edən “Azerfon” MMC-nin baş icraçı direktoru Kent Maknili “Nar” mobil operatorunun 2015-ci il ərzində keçdiyi inkişaf yolundan danışıb.
“Şəbəkəsinin genişləndirilməsini hər zaman özünün başlıca prioritetlərindən biri hesab edən “Nar” cəmi 2 il ərzində şəbəkənin həcminin 2 dəfədən çox artırılmasına nail olub. LTE şəbəkəsindən istifadə etmiş abunəçilərin sayı isə 10 min nəfəri keçmişdir. Qarşıdan gələn il ərzində “Nar” LTE şəbəkəsini 1000 baza stansiyasınadək genişləndirməyi və dünyada ən sürətli naqilsiz internet bağlantısı sayılan LTE Advanced (LTE-A) texnologiyasının tətbiqini planlaşdırır. Digər bir yeniliyimiz isə Azərbaycan rabitə bazarında ilk dəfə olaraq “Nar” mobil operatorunun təqdim etdiyi “Cloud” xidmətidir. Bu xidmət sayəsində davamlı və kəsintisiz işləmə fürsəti qazanmaq, bütün prosesləri nəzarətdə saxlamaq və informasiya texnologiyalarına sərf edilən vəsaitə qənaət etmək mümkün olacaqdır”, - deyə “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili qeyd edib.
Qeyd edək ki, “Cloud” xidməti elektron poçt, ofis proqramları, datanın təhlükəsiz saxlanması xidmətlərini təmin edir və məlumatın birgə istifadəsinə imkan yaradır.